“Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası təşkil edilib VİDEO
Bakı, 2 may, AZƏRTAC
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Yaşıl gələcək naminə - bir ağac da sən ək!” şüarı ilə növbəti ağacəkmə aksiyasını həyata keçirib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Kürdəxanı və Abşeron rayonunda keçmiş məcburi köçkünlər üçün salınan 1000 ailəlik qəsəbələrdə keçirilmiş aksiya ölkəmizin suveren ərazilərində ekoloji mühitin yaxşılaşdırılmasına, yaşıllıqların artırılmasına və ətraf mühitin qorunmasına töhfə vermək məqsədi daşıyır. Aksiya çərçivəsində zeytun tingləri qəsəbənin istirahət məkanlarında və yol kənarlarında əkilib.
Ekoloji tarazlığın qorunması və ətraf mühitə qayğının artırılması məqsədilə təşkil olunan bu cür aksiyaların paytaxtda yerləşən məcburi köçkün şəhərciklərində mütəmadi keçirilməsi nəzərdə tutulur. Aksiyada Komitənin nümayəndələri və qəsəbədə müvəqqəti məskunlaşan keçmiş məcburi köçkünlər iştirak ediblər.
Qeyd edək ki, Dövlət Komitəsi əvvəlki illərdə də ekoloji təşəbbüslərə xüsusi önəm verib və işğaldan azad olunmuş ərazilərdə də “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyaları təşkil edib.