DİN Qurban bayramı ilə əlaqədar əhaliyə müraciət edib VİDEO
Bakı, 5 iyun, AZƏRTAC
Qurban bayramı və tətil günləri ilə əlaqədar olaraq paytaxtdan bölgələrə səfər edən vətəndaşların sayında artım gözlənilir. Bu səbəbdən həm şəhərdaxili, həm də respublika yollarında nəqliyyat sıxlığının yaranması və qəza riskinin artması ehtimal olunur.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nazirlik yol hərəkətində təhlükəsizliyin təmin olunması məqsədilə əhalini bir sıra vacib qaydalara əməl etməyə çağırıb.
Bildirilib ki, avtomobildə hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə edilməsi, nəqliyyat vasitəsinin texniki sazlığının öncədən yoxlanılması, mümkün olduqda səhər saatlarında yola çıxılması vacibdir. Eyni zamanda, uşaqlar da daxil olmaqla, nəqliyyat vasitəsi istehsalçısı tərəfindən müəyyən edilmiş saydan artıq sərnişinin daşınılması, sürət həddinin aşılması, sərxoş və ya yorğun vəziyyətdə sükan arxasına əyləşmək təhlükəli hadisələr yarada bilər. Bundan əlavə, ötmə manevrlərini yalnız qaydalara uyğun şəkildə həyata keçirmək lazımdır.
“Unutmayın, polis əməkdaşları bayram günlərində də respublika yollarında və şəhər ərazilərində fasiləsiz xidmət göstərir, sizin təhlükəsiz və rahat istirahətiniz üçün çalışırlar. Siz də məsuliyyətli davranaraq özünüzü və yaxınlarınızı qoruya, təhlükəsizliyin təmininə töhfə verə bilərsiniz.
Qoy bu mübarək bayram hər kəsə ruzi, bərəkət və sevinc gətirsin! Qurbanlarınız, dualarınız qəbul olsun”, - deyə məlumatda qeyd edilir.