Qayıdış davam edir – onlar doğma yurdlarını yenidən dirçəldirlər VİDEO
Bakı, 30 iyun, AZƏRTAC
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, məcburi köçkünlər mərhələli şəkildə doğma yurda qayıdırlar. Laçın rayonunun Bəylik kəndi də onlardan biridir. Kənddə iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr tikilib, kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub, sakinlərin rahat yaşayışı üçün işlər görülüb.
Məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Bəylik sakinlərinin iştirakı ilə videoçarx hazırlanıb. 30 ildən çox həsrətini çəkdikləri doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Ordumuza, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda həyatlarını qurban verən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
AZƏRTAC Bəylikdə daimi məskunlaşmış sakinlərin geri qayıdışına həsr olunmuş videoçarxı təqdim edir: https://youtu.be/J3WegA66mQw