“Bakı 2015 - Süni İntellekt və İdmanda İnnovasiya” müsabiqəsinin təqdimatı olub VİDEO
Bakı, 28 oktyabr, AZƏRTAC
“Bakı 2015 - Süni İntellekt və İdmanda İnnovasiya” müsabiqəsinin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Avropa Olimpiya Komitələrinin prezidenti Saypros Kapralosun videomüraciəti nümayiş olunub. O bildirib ki, 10 il keçsə də, Bakı 2015-in qoyduğu iz bu gün də ilham mənbəyi olaraq davam edir.
Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə 2015-ci ildə ilk dəfə Bakıda keçirilən Avropa Oyunlarının Azərbaycanın idman tarixində mühüm hadisə olduğunu deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın böyük dəstəyi və səyləri nəticəsində bu Oyunlar baş tutub.
Avropa Olimpiya Komitəsinin nümayəndəsi Canluka De Ancelis Oyunların 10 illiyini qeyd etmək münasibətilə təşkil olunan tədbirdə iştirak etməkdən məmnunluğunu ifadə edib. O, Bakının 10 il ərzində çox inkişaf etdiyini, Oyunları qəbul edən idman obyektlərinin yeniləndiyini müasir standartlara uyğunlaşdırıldığını diqqətə çatdırıb.
Rəsmi çıxışlardan sonra “Süni İntellekt və İdmanda İnnovasiya” mövzusunda qısa videoçarx nümayiş etdirilib.
İspaniya Milli Olimpiya Komitəsinin baş katibi Viktoriya Kabezas və Türkiyə Milli Olimpiya Komitəsinin Korporativ Kommunikasiyalar Direktoru Volkan Önər MOK-un süni intellekt və idman sahələrində innovasiyaları təşviq edən təşəbbüsün uğurla həyata keçirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirdiklərini söyləyiblər.
Bakıda I Avropa Oyunlarının qalibi olmuş Azərbaycan paracüdoçusu İlham Zəkiyev isə həmin yarışları xoş təəssüratlarla xatırladığını vurğulayıb.
Sonra müsabiqəyə daxil olmuş işlərin təqdimatı olub. Ardınca “Bakı 2015 - Süni İntellekt və İdmanda İnnovasiya” müsabiqəsinin qaliblərinin təltifetmə mərasimi keçirilib. Qaliblərə sertifikat və mükafatlar təqdim edilib.