Mehmet Güllüoğlu: Azərbaycan hər zaman TDT-nin birləşdirici ölkələrindən biri olduğunu nümayiş etdirir VİDEO
Bakı, 24 noyabr, Aytac Haqverdiyeva, AZƏRTAC
Türk Dövlətləri Təşkilatı son dövrlər vacibliyi getdikcə artan və güclənən təşkilat kimi diqqət çəkir. Təşkilatın bütün üzvləri, o cümlədən Azərbaycan onun çox önəmli və ayrılmaz bir parçasıdır. Azərbaycan hər zaman təşkilatın birləşdirici ölkələrindən biri olduğunu nümayiş etdirir.
Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Türkiyənin “Yaşılay” Təşkilatının Baş katibinin müavini Mehmet Güllüoğlu deyib.
O qeyd edib ki, qardaşlığımızı elmdən ticarətə, vətəndaş cəmiyyətlərindən dövlət qurumlarına, idmandan incəsənətə qədər müxtəlif sahələrdə dəstəkləyə və dərinləşdirə bilərik.
“Zəngəzur dəhlizinin açılması Türkiyə və Azərbaycanla yanaşı, bütün dünya üçün böyük əhəmiyyət kəsb edir. Bunun nəticəsində biz artıq fiziki olaraq da bir-birimizə bağlanacağıq. Bu, həm ticarət, həm də insanların sərbəst hərəkəti baxımından çox böyük üstünlük yaradır. Lakin qeyd etmək istəyirəm ki, sadəcə, yolun açılması kifayət deyil. Bu imkanlardan səmərəli istifadə etmək vacibdir. Yalnız bu dəhlizdən fəal şəkildə keçərək və əməkdaşlıq imkanlarını reallaşdıraraq onun mənasını tam dərəcədə hiss edə bilərik. Bu dəhlizin açılması həm bölgədə iqtisadi əməkdaşlığı, həm də xalqlarımız arasındakı əlaqələri gücləndirəcək əhəmiyyətli addımdır”, - deyə Mehmet Güllüoğlu vurğulayıb.