Tovuzda “Opel” və “VAZ” markalı avtomobillər toqquşub, bir nəfər xəsarət alıb VİDEO
Tovuz, 30 dekabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Tovuzda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəza şəhərin Həzi Aslanov küçəsi ilə Nizami küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, Ağstafa sakini Kənan Salahov idarə etdiyi “Opel” markalı avtomobillə əsas yola çıxarkən hərəkətdə olan “VAZ-2104” markalı avtomobillə toqquşub. Zərbənin gücündən “Opel” piyada səkisinə çırpılıb.
Hadisə nəticəsində “VAZ-2104” markalı avtomobilin sürücüsü, rayon sakini 47 yaşlı Rauf Sadıqov xəsarət alıb. Dərhal hadisə yerinə Təcili Təxirə salınmaz Tibbi yardım briqadası cəlb olunub. Yaralı xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.