Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prorektor: Tələbələrimiz təhsillərini bitirməmiş iş təklifi alırlar - MÜSAHİBƏ VİDEO

Prorektor: Tələbələrimiz təhsillərini bitirməmiş iş təklifi alırlar - MÜSAHİBƏ VİDEO

Bakı, 16 yanvar, Aysel Azadqızı, Səfiyar Məcnun, AZƏRTAC

İdman təhsili artıq təkcə idman zalları və stadionla məhdudlaşmır. Azərbaycan İdman Akademiyasının (ASA) bu anlayışı tibdən kommunikasiya sahəsinədək genişləndirərək yeni nəsil kadrlar yetişdirir. ASA-nın tədris işləri üzrə prorektoru Ülkər Babayeva AZƏRTAC-ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.

- Ülkər xanım, Akademiyanın tədris siyasətində son illərdə hansı prioritetlər müəyyən edilib?

- Akademiya 2024-cü ildə Nazirlər Kabinetinin qərarı ilə publik hüquqi şəxsə çevrildi və əvvəlki “Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası” adı “Azərbaycan İdman Akademiyası” kimi təsdiqləndi. Hüquqi statusun dəyişməsi ilə yanaşı, institusional kimliyimiz və təşkilati strukturumuz da dəyişdi. Struktur dəyişikliyi aparılarkən bir neçə əsas meyar rəhbər tutuldu. İlk növbədə, beynəlxalq aləmdə idman profilli ali təhsil müəssisələrinin təcrübəsi araşdırıldı. Daha sonra, ölkənin uğurlu ali təhsil modelləri, idman federasiyaları, əmək bazarında fəaliyyət göstərən qurumlarla əlaqələr nəzərə alındı. Mövcud öhdəliklərimizlə strukturumuz arasında uyğunluq təhlil olundu. Strukturumuz yeniləndikdə biz digər ali təhsil müəssisələrindən bir az fərqli format seçdik. Məsələn, Tədrisin planlaşdırılması və proqnozlaşdırılması departamenti yaradıldı. Bu struktur e-təhsil sistemləri ilə iş, tədris, qəbul proqnozlarının əmək bazarı uyğun verilməsi funksiyalarını əhatə edir. Eyni zamanda, ömürboyu təhsil şöbəsi təsis olundu ki, bu da bəzi ali təhsil müəssisələrində yoxdur. Bundan əlavə, keyfiyyət təminatı ilə tələbələrə akademik dəstək funksiyasını birləşdirən departament yaradıldı. Yeni struktur bölmələrindən biri də Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentidir. Bu departament daxilində Beynəlxalq əməkdaşlıq və layihələrlə iş şöbəsi, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi, eləcə də MediaLab fəaliyyət göstərir.

Tədris sahəsində 2024-cü ilin ən mühüm nailiyyətlərindən biri isə üç ixtisasın beynəlxalq akkreditasiyadan keçməsi oldu. Bunlar bakalavriat təhsil səviyyəsində İdman menecmenti və kommunikasiya, magistratura təhsil səviyyəsində İdman menecmenti və İdman tibbi və reabilitasiya ixtisaslarıdır. Hər üç proqram beynəlxalq standartlara uyğun olaraq xarici akkreditasiya qurumu tərəfindən tanınıb və beş il müddətinə akkreditə edilib. Beynəlxalq akkreditasiya tələbələrimiz üçün real üstünlüklər yaradır. Məsələn, bu proqramların məzunları ölkə xaricində təhsillərinin davamı məqsədilə müraciət edərkən beynəlxalq səviyyədə tanınan diplomun verdiyi üstünlüklərdən faydalanırlar. Bu gün bir çox ali təhsil müəssisələri beynəlxalq proqram akkreditasiyalarına maraqlıdır, çünki universitetlərarası mübadilə və ikili diplom proqramları müzakirə olunarkən tərəfdaşların ilk sualları məhz universitetin beynəlxalq reytinqlərdə tanınması və təhsil proqramlarının akkreditasiyası ilə bağlıdır.

- Müəllim heyətinin peşəkar inkişafı üçün hansı proqramlar və təlimlər həyata keçirilir?

- İdman sənayesində müəllim kimi fəaliyyət göstərən kadrlar olduqca azdır. Məşqçi kimi çalışan və ya peşəkar idmançı olan şəxslər çox ola bilər. Lakin ali təhsil müəssisəsində dərs demək üçün elmi dərəcə tələb olunur. Elmi dərəcəsi olan, praktik idmandan gələn, eyni zamanda, pedaqoji təcrübəsi olan və ya pedaqoq kimi fəaliyyət göstərmək istəyən şəxslərin sayı azdır. Məsələn, həndbol və ya velosiped idmanı üzrə müəllim tapmaq bizim üçün olduqca çətindir. Qış idman növləri ixtisasımız var, amma bu sahə üzrə ölkədə mütəxəssis yoxdur. Bu səbəbdən əcnəbi mütəxəssislər dəvət edirik. Dərslərin bir qisminin Bakıda, bir qisminin Şahdağda keçirilməsi planlaşdırılır. Ümumiyyətlə müxtəlif ixtisaslarda ehtiyac səbəbindən əcnəbi mütəxəssislərə müraciət edirik. Buna baxmayaraq müsbət tendensiyalar da var. Son 5 il ərzində kifayət qədər məzunumuzun Akademiyada işə marağı artıb. Kadr hazırlığı prosesi məzunların müəllim kimi fəaliyyət göstərməsinə töhfə verir. Bir çox ixtisasların xüsusilə, idman tibbi, idman menecmenti ixtisaslarının məzunları Akademiyada müəllim kimi çalışırlar.

İdman tibbi üzrə magistratura proqramımız Böyük Britaniyanın London Kollec Universiteti (University College London-UCL) ilə birgə həyata keçirilir. London Kollec Universiteti idman tibbi sahəsində dünyanın ilk üçlüyünə daxil olan universitetlərdəndir və onlar bir qayda olaraq ikili diplom proqramları həyata keçirmirlər. Lakin müəllim və tələbə mübadiləsinə, təcrübənin bölüşülməsinə açıqdırlar. Bu proqramın özəlliyi ondadır ki, idman tibbi üzrə tədris yalnız ingilis dilində aparılır və tədrisə əcnəbi müəllimlər cəlb olunur. Əcnəbi müəllimlərin böyük əksəriyyəti London Kollec Universiteti, London Kral Kolleci, Kil Universiteti, Uorvik Universiteti kimi nüfuzlu universitetlərdən gəlir. Proqramın rəhbəri Böyük Britaniyanın UCL Universitetinin professoru, UCL-in İdman Fiziki Fəaliyyət və Sağlamlıq İnstitutunun aparıcı eksperti, Böyük Britaniyanın Kral Tibb Cəmiyyətinin İdman Tibbi Bölməsinin vitse-prezidenti, İdman Tibbi üzrə Avropa Standartının müəllifi, Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti Mayk Luzmordur. Müəllimlər onun tövsiyəsi ilə seçilir və cəlb olunurlar. Tədris müddətində tələbələr İngiltərəyə səfər edirlər. Tələbələrin elmi işlərinin hazırlanmasında elmi rəhbərlərin iştirakı danılmazdır, bu səbəbdən proqrama cəlb olunan bütün elmi rəhbərlər əcnəbilərdir. Müdafiə zamanı həm yerli, həm də əcnəbi mütəxəssislər iştirak edirlər. Müxtəlif federasiyalarda idman həkimlərinə ehtiyac olduğundan İdman tibbi proqramının məzunları tədris bitirmədən əmək bazarında işə dəvət olunurlar. Sevindirici haldır ki, Akademiyanın ekosistemi məzunların burada qalmasını və Akademiyanın inkişafına töhfə verməsini təşviq edir. Sözügedən proqramın məzunları adətən bakalavriat təhsil səviyyəsində fizioterapiya ixtisasında təhsil alan tələbələrə dərs deyirlər.

Peşəkar inkişaf proqramlarına gəldikdə 2024-cü ildə həyata keçirdiyimiz təlimlərdən danışmaq istəyirəm. “İdman təhsili: Tədris və təlimə fərqli baxış” adlı 30 akademik saatdan ibarət bu proqrama 400-dən artıq müəllimimiz cəlb olunub. Təlimlərdə pedaqoji strategiyalar, tələbənin öyrənməyə cəlb olunması, motivasiyanın artırılması, müəllim-tələbə münasibətləri və bu münasibətlərin tədrisə təsiri kimi mövzular yer almışdır. Bununla yanaşı, əcnəbi müəllimlərimizin dəstəyi ilə mütəmadi elmi müzakirələr, dəyirmi masalar təşkil olunur.

İdman müəllimlərimiz həm yerli, həm də beynəlxalq idman təşkilatlarının təşkil etdiyi proqramlarda iştirak edirlər. Qeyd edim ki, idman müəllimlərimizin böyük əksəriyyəti peşəkar idmançı və ya beynəlxalq dərəcəli hakimdir. Onların idman karyerası zəngindir, bir çoxunun fəxri adları və dövlət təltifləri var. İdman tibbi, Fizioterapiya ixtisaslarında dərs deyən müəllimlərimiz üçün də peşəkar inkişaf proqramları həyata keçirilir. Məsələn, diz və çiyin nahiyəsində zədələrin aradan qaldırılmasına yönəlik təlimlər əcnəbi mütəxəssislər tərəfindən aparılır.

- İdman ixtisasları xüsusi sahədir. Bu ixtisasları bitirənlərin işlə təmin olunması üçün akademiya hansı layihələri həyata keçirə bilər?

- Son 5 il ərzində ali təhsil müəssisələri məzunların karyera inkişafı istiqamətində işlər görməyə başlayıb. Beynəlxalq standartlara görə, məzunun karyerası ali təhsilin əsas indikatorlarından biridir. ASA-da Karyera inkişafı şöbəsi fəaliyyət göstərir. Bu şöbə məzunların göstəricilərini izləməklə yanaşı, hazırda təhsil alan tələbələrin işlə təmin olunmasına da töhfə verir. Tələbələrin karyera planlama bacarıqlarının artırılması üçün müxtəlif təlim və seminarlar keçirilir. Artıq bu fəaliyyətlər təcrübə proqramlarının tərkib hissəsidir; CV-nin hazırlanması, müsahibələrdə iştirak qaydaları, işə müraciət prosesi və digər vacib bacarıqlar öyrədilir. Həmçinin tələbə və məzunlar üçün fərdi konsultasiya xidməti göstərilir. Müxtəlif təşkilatlar təcrübəçi axtararkən Akademiyaya müraciət edirlər. Bu müraciətlər daxildə elan olunur və seçilmiş tələbələr həmin müəssisələrdə təcrübə keçmək imkanı qazanırlar. Bu imkanlar İdman jurnalistikası, İdman menecmenti, İdman kommunikasiyası, Fizioterapiya və digər ixtisasları əhatə edir.

Karyera inkişafı şöbəsi 2018-ci ildən etibarən məzunların məşğulluq fəaliyyətini izləyir: harada olduqları, karyeralarını necə davam etdirdikləri araşdırılır. Məsələn, bakalavr məzunlarının neçə faizinin hərbi xidmətdə olduğu, neçə faizinin magistratura təhsilini davam etdirdiyi, magistrantların ölkə daxilində və ya xaricində təhsil alması, qalan məzunların isə işlə təmin olunması vəziyyəti təhlil edilir. İşə düzəlib-düzəlmədikləri, ixtisaslarına uyğun çalışıb-çalışmadıqları və qarşılaşdıqları çətinliklər barədə məlumatlar toplanır. Sevindirici haldır ki, ASA-nın məzunları işlə təmin olunma göstəricilərinə görə ölkə üzrə ali təhsil müəssisələri arasında 5-ci yerdədir. Bu göstərici Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin statistikasına əsaslanır. Bununla belə, nəticələri daha da yaxşılaşdırmaq üçün fəaliyyətlər davam etdirilir. Tələbələrin böyük bir qismi ixtisaslarından asılı olaraq güc strukturlarında fəaliyyət göstərir. Bu, əsasən məşqçilik və ümumi fiziki hazırlıq ixtisaslarında təhsil alan tələbələrə aiddir. Fiziki göstəriciləri uyğun olan tələbələr bəzi dövlət qurumları tərəfindən birbaşa Akademiyada seçilərək işə qəbul olunurlar. Eyni zamanda, idman federasiyalarının seçim etdiyi tələbələr arasında Məşqçilik, İdman menecmenti və Fizioterapiya ixtisaslarında təhsil alanlar var. Məhz bu səbəbdən biz müxtəlif ixtisaslar üzrə kadr hazırlığını Akademiyada təmin etməyə çalışırıq. Məzunların işə götürülmə faizinə baxdıqda ən yüksək göstərici Fizioterapiya ixtisasına aiddir. Bu ixtisas üzrə təhsil alan tələbələr adətən III kursdan etibarən işləməyə başlayırlar. İşəgötürən müəssisələrin əksəriyyəti Akademiyanın tərəfdaşlarıdır. Fizioterapiya üzrə məzunların böyük qismi idman sektoru ilə yanaşı, qeyri-idman sahələrində də fəaliyyət göstərir. Onlar reabilitasiya mərkəzlərində, özəl və dövlət klinikalarında çalışırlar.

- İdman təhsilində qadınların rolu getdikcə artır. Akademiyada qız tələbələrin sayı, onların iştirak etdiyi proqramlar və uğurları haqqında məlumat verə bilərsinizmi?

- Kənardan belə bir təəssürat yarana bilər ki, ASA-da qadınların sayı azdır. Əslində isə əməkdaşlarımızın 50 faizdən çoxu qadınlardır. Tələbə statistikalarında isə təəssüf ki, qızların sayı oğlanlara nisbətən xeyli aşağıdır. İdman menecmenti və kommunikasiya, Fizioterapiya kimi ixtisaslarda isə qadın tələbələr üstünlük təşkil edir. Sırf idmana yönəlik ixtisaslarda təhsil alan qızların sayı son 5 ildə artıb. Məsələn, artıq güləş, cüdo, veloidman ixtisaslarında oxuyan qız tələbələr var. Gimnastika ixtisasında isə qızların sayı kifayət qədər çoxdur. Ümumilikdə müxtəlif idman növləri üzrə təhsil alan qızların sayı ildən-ilə artır ki, bu da bizim üçün sevindirici haldır. Peşəkar idmandan gələn çoxsaylı tələbələrimiz var. Bununla belə, rəqəmlərin bərabərləşməsi və bəzi istiqamətlərdə qızların sayının üstünlük təşkil etməsi ölkə üzrə mövcud tendensiyalarla əlaqəlidir. Məsələn, əgər ölkə üzrə cüdo ilə məşğul olan qızların sayı azdırsa, təbii olaraq bu, Akademiyaya müraciət edən qızların sayına da təsir göstərir. Əgər ölkə üzrə gimnastika ilə məşğul olan qızların sayı çoxdursa, bu ixtisası seçənlərin sayı da müvafiq şəkildə yüksək olur. Bu səbəbdən həm Gənclər və İdman Nazirliyi, həm də federasiyalar müxtəlif idman növlərində gender balansının təşviqi istiqamətində təbliğat işləri aparırlar. Bakı və regionlarda qızların fərqli idman növlərinə cəlbi ilə bağlı müxtəlif təşəbbüslər mövcuddur. Düşünürəm ki, bir neçə ildən sonra bu istiqamətdə tam fərqli mənzərə ilə qarşılaşacağıq.

- Hazırda akademiya hansı xarici universitetlərlə ikili diplom proqramları həyata keçirir?

- Magistratura təhsil səviyyəsində Böyük Britaniyanın Koventri Universiteti, Rusiyanın MGİMO Universiteti ilə həyata keçirilən ikili diplom proqramlarımız var. Hər iki proqram İdman menecmenti ixtisası üzrədir və tədris ingilis və rus dillərində aparılır. Bakalavriat təhsil səviyyəsində Məşqçilik ixtisası üzrə iki ikili diplom proqramımız mövcuddur: Rusiyanın Povoljye Dövlət Bədən Tərbiyəsi, İdman və Turizm Universiteti və Türkiyənin Akdeniz Universiteti ilə. Akdeniz Universiteti ilə ikili diplom proqramı çərçivəsində 5 tələbənin bizdən, 5 tələbənin isə Akdeniz Universitetindən tədrisə cəlb olunması nəzərdə tutulur. Tələbə ASA-ya qəbul olduqdan sonra I kursu burada, II və III kursları Akdeniz Universitetində, IV kursu isə yenidən Akademiyada tədrisini dava etdirərək təhsilini başa vurur. Nəticədə tələbə hər iki universitetin tələblərini tam ödəyərək hər iki ali təhsil müəssisəsinin diplomunu əldə edir.

İkili diplom proqramı olmayan, lakin beynəlxalq komponenti olan layihələrimiz də mövcuddur. Bunlara Böyük Britaniyanın London Kollec Universiteti ilə birgə həyata keçirilən İdman tibbi proqramı və Böyük Britaniyanın Şeffild Hallam Universiteti ilə birgə həyata keçirilən İdman jurnalistikası proqramı daxildir. Bu proqramları beynəlxalq layihələr adlandırırıq, çünki müəllimlər Böyük Britaniyadan dəvət olunur və tələbələr üçün tədris səfərləri həmin ölkədə təşkil edilir. Məsələn, İdman jurnalistikası üzrə təhsil alan tələbələr BBC-də təcrübə keçmək imkanı əldə edirlər ki, bu da nadir fürsətlərdəndir. Hazırda bakalavriat təhsil səviyyəsi üzrə Fizioterapiya ixtisasında da beynəlmiləlləşmə mövzusu Çexiyanın Karlov Universiteti ilə müzakirə edilir. Hesab edirəm ki, 2026-cı ildə Karlov Universiteti ilə ikili diplom proqramının imzalanması Akademiyanın ən böyük nailiyyətlərindən biri olacaq.

- İkili diplom proqramları çərçivəsində tərəfdaş universitetlərin seçilməsində hansı meyarlar əsas götürülür?

- Bu prosesdə yalnız ASA-nın deyil, eyni zamanda, qarşı tərəfin də diqqət yetirdiyi meyarlar mövcuddur. ASA-nın əsas hədəflərindən biri beynəlxalq reytinqlərdə irəliləməkdir, çünki ali təhsil müəssisələrinin dünya təhsil ictimaiyyətində mövqeyini həmin reytinqlər müəyyən edir. Tədrisin keyfiyyəti, elmi fəaliyyət, müəllimlərin və tələbələrin nailiyyətləri bu reytinqlər vasitəsilə qiymətləndirilir. Bu səbəbdən meyarlardan biri tərəfdaş universitetin beynəlxalq reytinqlərdəki mövqeyidir. Əsasən QS və Times Higher Education kimi tanınmış reytinqlər nəzərə alınır. ASA 2025-ci ildə iki beynəlxalq reytinqdə - “GreenMetric Ranking 2025“ və “Times Higher Education Impact Rankings 2025” reytinq cədvəllərində yer alıb. Qeyd edim ki, 2025-ci ilə qədər Akademiya heç bir beynəlxalq reytinqdə təmsil olunmurdu. Hesab edirəm ki, gördüyümüz işlər sayəsində buna nail ola bildik. Beynəlxalq reytinqlərə daxil olduqdan sonra tərəfdaş universitetlərdən aldığımız müsbət cavabların sayında ciddi artım müşahidə edirik. Sevindirici haldır ki, tərəfdaş universitetlərimizin əksəriyyəti reytinqlərdə bizdən daha yüksək mövqelərdə qərarlaşıb. Biz öz zəif və güclü tərəflərimizi aydın şəkildə görürük. Zəif tərəflərin aradan qaldırılması üçün ən yaxşı dəstək mübadilə və təcrübə paylaşımıdır. İkili diplom proqramları və beynəlxalq mübadilə layihələri tələbələrin, müəllimlərin və əməkdaşların inkişafına, eyni zamanda institusional boşluqların aradan qaldırılmasına kömək edir. Bəzən sual yaranır ki, qarşı tərəf üçün bu əməkdaşlığın marağı nədən ibarətdir? Niyə Böyük Britaniya, Türkiyə və ya Çexiya universitetləri Azərbaycanla ikili diplom proqramları həyata keçirməyə maraq göstərirlər? Bu mərhələdə digər faktorlar dövriyyəyə girir. Türkiyədən mübadilə proqramları çərçivəsində bizə gələn tələbələrin böyük əksəriyyəti Azərbaycanda məşhur olan idman növlərinə (məsələn, güləş və cüdo ixtisaslarına) müraciət edir. Eyni zamanda, bizdən Türkiyəyə gedən tələbələrin əksəriyyəti də Türkiyənin güclü olduğu idman növlərini seçir. Böyük Britaniya üçün isə Azərbaycanla işləmək fərqli və maraqlı təcrübədir. Məsələn, bir professor iki həftə ərzində Azərbaycanda dərs deməklə yanaşı, ölkənin mədəniyyəti, musiqisi, mətbəxi və qonaqpərvərliyi ilə yaxından tanış olur. Bu mühit onlarda o qədər müsbət təəssürat yaradır ki, bir çoxu hər tədris ili yenidən fərqli fənlər tədris etmək istəyir. Elə müəllimlərimiz var ki, şərtlərimiz onların tələblərini tam ödəmədiyi halda belə, ən azı bir dərs keçmək arzusunda olurlar. Bunun əsas səbəbi burada gördükləri hörmət, isti münasibət və açıq akademik mühitdir. Biz tədqiqatlara açığıq və anlayırıq ki, bu sahə inkişaf etdirməli olduğumuz istiqamətlərdəndir. Portuqaliya, Belçika, Niderland, İsveç, Norveç və Sloveniya kimi ölkələrdən Akademiyaya gələn müəllimlərin diqqətini cəlb edən əsas məqam tələbələrimizin fərqli potensialda olmasıdır. Digər vacib amil isə Azərbaycanın idman ölkəsi olması, burada müxtəlif beynəlxalq idman yarışlarının keçirilməsidir.

- Son olaraq gənc nəslə idman təhsili ilə bağlı hansı mesajı vermək istərdiniz?

- Belə bir yanlış təsəvvür var ki, ASA-da təhsil almaq üçün mütləq idmançı olmalısan, ancaq idman təhsili düşündüyümüzdən qat-qat geniş anlayışdır. Akademiyada həkimlər çalışır, tibb sahəsində fəaliyyət göstərmək istəyən gənclər təhsil alır. Kommunikasiya, PR, media və idarəçilik bacarıqlarını inkişaf etdirmək istəyənlər də burada özlərinə uyğun ixtisaslar tapa bilirlər. Hazırda tələbələrimizin təxminən 700 nəfəri milli yığma komandaların üzvləridir. Eyni zamanda, idman sahəsindən kənar olan şəxslər də Akademiyada müxtəlif ixtisaslar üzrə təhsil alırlar. Məsələn, İdman menecmenti ixtisasını seçmək üçün hansısa idman növü ilə peşəkar səviyyədə məşğul olmaq şərt olmasa da arzuolunandır. Məncə, Akademiyanın cəmiyyətə verə biləcəyi töhfə bəzən bizim düşündüyümüzdən də böyükdür. Potensialımız ifadə etdiyimizdən daha genişdir. Şəxsən mən Akademiyada fəaliyyət göstərməyə başladıqdan sonra müəllimlərin, inzibati heyətdə çalışan əməkdaşların peşəkarlıq səviyyələrini, tələbələrin potensiallarını gördüm. Burada riyaziyyatçılar, mexaniklər, həkimlər, pedaqoqlar, media nümayəndələri və s. sahələrin peşəkarları fəaliyyət göstərirlər. Bu da idman təhsilinə yeni baxış bucağı qazandırır və həm tələbələrə, həm də akademiyada çalışan əməkdaşlara rəngarəng təcrübə yaşadır.

Prorektor: Tələbələrimiz təhsillərini bitirməmiş iş təklifi alırlar - MÜSAHİBƏ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bankların adından saxta kredit səhifələri yaradan şəxslər saxlanılıblar

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib YENİLƏNİB VİDEO

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib YENİLƏNİB VİDEO

Cengiz Akarçeşme: Azərbaycanda voleybol məşqçiləri üçün beynəlxalq seminar yüksək səviyyədə təşkil olunub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırdır VİDEO

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırdır VİDEO

Milli Parkın ərazisində narkotik plantasiyası aşkarlanıb VİDEO

Milli Parkın ərazisində narkotik plantasiyası aşkarlanıb VİDEO

Alpaslan Kesici: Azərbaycan və TDT ölkələri kibertəhlükəsizlik sahəsində ortaq həllər hazırlamalıdır

Azərbaycan XİN başçısı Braziliya səfiri ilə görüşüb

Milli mətbəx və dini inanc - Folklor İnstitutunda seminar

Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib

“Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi banklarının Şurası”nın növbəti toplantısı keçirilir

AQTA və DİN-in birgə əməliyyatı - 120 kiloqram yararsız ət aşkarlanıb

Estoniyalı mütəxəssis: Azərbaycanla kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanlar var

İctimai Birlik rəhbəri: Eşitmə məhdudiyyətli insanlar üçün dövlət qurumları ilə birgə layihələr həyata keçirilir

AMEA Türk dünyası və özəl sektorla texnoloji tərəfdaşlığı genişləndirir

Qarabağda arxeoloji tədqiqatların miqyası genişlənir: Şuşa və Xankəndidə kəşfiyyat işləri aparılır

ƏƏSMN ilə Dünya Bankının icra etdiyi birgə layihələrin əhəmiyyəti diqqətə çatdırılıb

Azərbaycanın Orta Güc statusu ilə bağlı araşdırma dərc olunub

Azərbaycanı Avropa Açıq Turnirində 10 qadın cüdoçu təmsil edəcək

Akademik İsa Həbibbəyli: Arxeologiyada müxtəlif elm sahələrinin əməkdaşlığı önəmlidir

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

BDU-da aparılan elmi tədqiqatlar aqrar sahədə dayanıqlı inkişafa xidmət edir

Dünyada 47 milyon yeni kibertəhlükəsizlik mütəxəssisinə ehtiyac yaranacaq

Millinin voleybolçusu: İsveçlə oyunun çətin keçəcəyini gözləyirik

Bakıda “Foniatriyada yeni üfüqlər” adlı beynəlxalq tədbir təşkil olunub

“Kim dedi ki, səadətə inanma” mahnısının bəstəkarı: Şeirdə ilahi sevgi ilə yanaşı, nostalji duyğular da əksini tapıb

Azərbaycanın enerji və tranzit strategiyası Avrasiyanın iqtisadi inteqrasiyasını sürətləndirir - ŞƏRH

Eyyub Yaqubov: “Kim dedi ki, səadətə inanma” mahnısı yaradıcılığımda özünəməxsus yer tutacaq

Rusiya XİN Azərbaycan ilə mədəni əməkdaşlığın yenidən başlanmasının vacibliyini bəyan edib

“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq

“Kim dedi ki, səadətə inanma” mahnısı və klipi təqdim olunub

Faiq Qarayev: Avropa Liqasında qrupdan yaxşı nəticə ilə çıxmaq istəyirik

“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfrans başa çatıb

Dünyanın qabaqcıl banklarının neftin qiyməti ilə bağlı proqnozları necədir?

Estoniyalı mütəxəssis: Süni intellekt kibertəhlükəsizlikdə tam avtonom mərhələyə doğru irəliləyir

İsmayıllıda kənd təsərrüfatının inkişafı üçün yeni hədəflər müəyyənləşdirilir

AQTİ vakant vəzifə üzrə işə qəbul elan edir

® “ABB Home” platformasına “Mygov ID” ilə daha sürətli giriş imkanı!

Laçın şəhərinin su təminatı 6 subartezian quyusu vasitəsilə həyata keçirilir

Bu gün artıq Zəngəzur dəhlizi regional layihə statusunu çoxdan geridə qoyub - ŞƏRH

Keşlə qəsəbəsində obyektdə baş verən yanğın söndürülüb

Bakı Texniki Kollecinə müəllim tələb olunur

Estoniya nümayəndəsi: Rəqəmsal transformasiya və kibertəhlükəsizliyi bir-biri ilə toqquşmayan anlayış kimi görürük

Coğrafiyaşünas-alim: Yaz yağıntıları dağlıq ərazilərdə sürüşmə riskini artırıb

“Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalı başa çatıb

Qazaxıstanda 35 metrlik bayraq dirəyi olan Müstəqillik xiyabanı açılıb

Küveyt Dövlətinin Baş naziri Şeyx Əhməd Abdullah əl-Əhməd əl-Sabahdan

Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabahdan

“Milli kimliyin formalaşmasında mənəvi dəyərlərin rolu” mövzusunda görüş

Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifədən

Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Tanidən

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tanidən

İran xaricdə dondurulmuş aktivlərinin 50 faizinin dərhal qaytarılmasını tələb edir

Ukraynanın sabiq Prezidenti Leonid Kuçmadan

Qanunvericiliyə dəyişikliklər məcburi köçkünlük dönəminin hüquqi baxımdan yekunlaşmasıdır - RƏY

Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edir ŞƏRH

Azamat Abdullayev: Özbəkistan kibertəhlükəsizlik şəbəkəsini gücləndirib

“Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalında klassik musiqi günü

Media: Tayvan gəmi əleyhinə raket arsenalını 1,8 minə çatdırmağı planlaşdırır

Qazaxıstan rəsmisi: Azərbaycanla süni intellekt və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edə bilərik

ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Korn və baş icraçı direktoru Uilyam Darofdan

Azərbaycandan Avropa İttifaqı ölkələrinə məhsul ixracının dəyəri 5 milyard dolları ötüb

Azərbaycandan Ermənistana dizel yanacağı göndərilib VİDEO

Azərbaycandan Ermənistana dizel yanacağı göndərilib VİDEO

OECD: 2030-cu ilədək qlobal polad tələbatının hər il 0,9 faiz artacağı gözlənilir

Fransa və İrlandiya müdafiə sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Sabah” Azərbaycan millisinin futbolçusu ilə müqaviləni yeniləyib

İran XİN: Tehran Hörmüz boğazından keçid üçün heç bir ödəniş almayacaq

Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib

Belçika-Azərbaycan Forumunun birinci iclası Brüsseldə təşkil olunub

Polşa Avropa İttifaqına üzvlük yolunda Ukrayna üçün yeni maneəyə çevrilə bilər

Azərbaycanın BƏT-in daha bir Konvensiyasına qoşulmasına dair bildiriş təşkilatın Baş direktoruna təqdim olunub

Qanunsuz quş kəsimi sexində reyd aparılıb

Şəhid Səma Kərimovanın xatirəsi anılıb

Aleksandr Novak: Rusiyanın neft hasilatı azalıb

Azərbaycan Premyer Liqasını tərk edən komandada ayrılıq

“Elektron icra” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 oktyabr tarixli 306 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Maqnit qasırğalarının sağlamlığa təsiri: kimlər özünü qorumalıdır?

MEK tanınmış alim Şahbaz Muradovun biblioqrafik göstəricisini hazırlayıb

“Qəbələ” klubu yetirməsi ilə yollarını ayırıb

Donor qanı hansı yoxlamalardan keçirilir?

Tokayev Sülh Şurasının baş müşaviri ilə TRIPP təşəbbüsünü və Orta Dəhlizin inkişafını müzakirə edib

Paytaxt məktəbliləri zona birinciliyində qalib olublar

Böyük Britaniya hökuməti müdafiə sahəsinə investisiyaları ixtisar edə bilər

® “Azerconnect Group” süni intellektəsaslı şəbəkə alyansına üzv olub

Alis Vaydel: Ukraynanın Aİ-yə üzvlüyü Almaniyanın maraqlarına uyğun deyil

Daxili işlər naziri Qazaxda vətəndaşların müraciətlərini dinləyib, Ağstafada isə gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Qazaxda vətəndaşların müraciətlərini dinləyib, Ağstafada isə gənclərin arasından seçim edib VİDEO

“Bayer” yeni baş məşqçisi ilə müqavilə imzalayıb

Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb

Su ehtiyatlarının idarə olunmasında rəqəmsal nəzarət imkanları genişləndirilir

NİİM: Heydər Əliyev prospektində qəza baş verib, hər iki istiqamətdə sıxlıq yaranıb

Cevdet Yılmaz: Orta Dəhliz dünya ticarəti üçün təhlükəsiz və zəruri marşruta çevrilib

Qarabağ və Şərqi Zəngəzur dünyanın ən dayanıqlı inkişaf zonalarından birinə çevrilir ŞƏRH

“Bakı Enerji Həftəsi” – Azərbaycanın enerji diplomatiyasının parlaq nümayişi ŞƏRH

DÇ-2026: Qlobal səhiyyə qurumları yoluxucu xəstəliklərə qarşı təhlükəsizlik tədbirlərini gücləndirib

Azərbaycanlı qadın sahibkarlar Almaniyada təcrübə mübadiləsi səfərində iştirak ediblər

Şuşa şəhəri dayanıqlı içməli su ilə təmin edilir VİDEO

Şuşa şəhəri dayanıqlı içməli su ilə təmin edilir VİDEO

Türk ekspert: Xəzər hövzəsi beynəlxalq kapital üçün birinci dərəcəli investisiya sahəsinə çevrilib

Mülkiyyət hüququnun təmin edilməsi Böyük Qayıdışın dayanıqlığını gücləndirəcək ŞƏRH

Fransa Rusiyanın informasiya məkanında ikinci əsas hədəfidir

Məlahət İbrahimqızı: Qərbi Azərbaycanın tarixi mirasının dünyada tanıdılması “mədəniyyət diplomatiyası”nın nümunəsidir

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar