Vətən müharibəsi şəhidi Elvin Şükürlünün anım mərasimi keçirilib VİDEO
Bakı, 22 yanvar, Göyçək Mahmudlu, AZƏRTAC
Yanvarın 22-də Hərbi Memorial Məzarlıqda Vətən müharibəsi şəhidi leytenant Elvin Şükürlünün anım mərasimi olub.
AZƏRTAC xəbər verir ki, mərasimdə Müdafiə Nazirliyinin, Xətai Rayon İcra Hakimiyyətinin, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, müharibə veteranları, qazilər, məktəblilər iştirak ediblər.
Şəhidin məzarı üzərinə tər güllər düzülüb, əklil qoyulub, ruhuna dualar oxunub.
Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun keçdiyi Zəfər yolundan bəhs edib, Elvin Şükürlü kimi qəhrəman oğulların cəsarəti və misilsiz şücaəti sayəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu diqqətə çatdırıblar. Xalqımızın şəhidləri heç zaman unutmayacağı, onların şərəfli döyüş və həyat yolunu nəsillərdən-nəsillərə örnək kimi çatdıracağı vurğulanıb.
Sonra 221 nömrəli məktəbdə şəhidin adını daşıyan sinfin şagirdləri şeirlər səsləndiriblər.
Şəhidin qardaşı kapitan Elnur Şükürlü jurnalistlərə müsahibəsində deyib: "Elvinin 23 illik həyatının çox hissəsini bir yerdə olmuşuq. Biz çiyin-çiyinə Vətənə xidmət etmişik. Həm kursant, həm zabit, həm də döyüş yoldaşı olmuşuq. Heydər Əliyev adına Hərbi İnstitutu bitirdikdən sonra Daşkəsəndə bir yerdə xidmət edirdik. Hər dəfə düşmən təxribat törədəndə əlaqə saxlayır, valideynlərimizi bir-birimizə tapşırırdıq. Sentyabrın 26-da sonuncu dəfə əlaqə saxladıq, eyni qaydada bir-birimizə ürək sözlərimizi dedik. Sentyabrın 27-də hər ikimiz Kəlbəcər istiqamətində hərbi əməliyyatlara qoşulduq. Ayrı-ayrı taborlarda döyüşürdük. Aramızda 2 kilometr məsafə var idi. Sentyabrın 28-də Elvin "Üçtəpələr" postu uğrunda gedən qızğın döyüşlərdə şəhid oldu. Zabit olduğu üçün düşmən onun nəşini götürmüşdü. Dörd ay itkin şəhid kimi axtarışda oldu. Elvinin nəşini 2021-ci il yanvarın 22-də Vətən torpağına tapşıra bildik. Qardaşım kimi qəhrəmanların sayəsində biz 44 gün ərzində tarixi Qələbə qazandıq. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm".
Qeyd edək ki, şəhid leytenant Elvin Şükürlü 1997-ci il iyunun 14-də Füzuli rayonunda hərbçi ailəsində anadan olub. O, əslən Cəlilabad rayonundandır. Atasının hərbçi olması Elvinin də, qardaşı Elnurun da həyatına təsirsiz ötüşməyib. Hər iki qardaş atalarının yolunu davam etdiriblər. Ataları Azad Şəkərov isə ehtiyatda olan kapitandır, Birinci Qarabağ müharibəsi iştirakçısı və veteranıdır.
Elvin Şükürlü hərbi sahəyə ilk addımı 2011-2014-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil almaqla atıb. 2014-2018-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində motoatıcı ixtisası üzrə təhsil alıb. Leytenant rütbəsinə yüksəldikdən sonra Daşkəsəndə yerləşən “N” saylı hərbi hissədə dağatıcı taqım komandiri kimi xidmətə başlayıb. Sonradan tankəleyhinə taqım komandiri vəzifəsində xidmət etsə də, yenidən öz istəyi ilə ön xətt taborlarında dağatıcı taqım komandiri vəzifəsində xidmətini davam etdirib. Vətən müharibəsinin ilk günündən bir hərbçi kimi ön sıralarda olan Elvin Şükürlü döyüş yoldaşları ilə birlikdə düşmənin Kəlbəcərdəki “Üçtəpələr” postunu tutur. İki gün postu özlərində saxlayan döyüşçülərimiz sentyabrın 28-də düşmənin əks-hücumu ilə üzləşirlər. Post uğrunda gedən qızğın döyüşlər zamanı Elvin Şükürlü aldığı güllə yarasından şəhidlik zirvəsinə ucalır. Lakin uzun müddət itkin olan leytenantın cənazəsi 2021-ci ilin yanvarında tapılır. Şəhid leytenant 2021-ci il yanvarın 22-də Hərbi Memorial Məzarlıqda (II Fəxri xiyaban) torpağa tapşırılır.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə leytenant Elvin Şükürlü ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Kəlbəcərin azad olunmasına görə”, “Şücaətə görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.