Rəis müavini: İqtisadi münasibətlərin tənzimlənməsində çevik hüquqi mexanizmlərin mühüm rolu var VİDEO
Bakı, 20 fevral, AZƏRTAC
Rəqəmsal həllər və çevik hüquqi baza ədalətli iqtisadi mühitin əsas şərtidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva Azərbaycan Hakimlərinin II Forumu çərçivəsində keçirilən “İnzibati orqanların fəaliyyətində məhkəmə rolu: Təkrarlanan işlər, inzibati praktikanın yenilənməsi (dəyişdirilməsi), inzibati praktikada bərabər yanaşma və etimadın qorunması” adlı ikinci panel müzakirəsi zamanı bildirib.
İqtisadi münasibətlərin tənzimlənməsində rəqəmsallaşmanın, şəffaflığın və çevik hüquqi mexanizmlərin mühüm rolunu vurğulayan rəis müavini bildirib ki, iqtisadi münasibətlərin iştirakçıları, o cümlədən sahibkarlıq subyektləri özünəməxsus xarakterik xüsusiyyətlərə malikdir və bu münasibətlərin dinamikasında baş verə biləcək pozuntu və sui-istifadə hallarının qarşısının alınması üçün effektiv nəzarət mexanizmləri zəruridir.
Onun sözlərinə görə, qanunvericiliyin tələblərinə əməl edilməməsi, rəqəmsal həllərdən istifadənin gecikdirilməsi və dəyişən iqtisadi münasibətləri tənzimləyən müasir hüquqi bazanın formalaşdırılmasında passivlik dövlət büdcəsi və ümumi iqtisadi sabitlik baxımından ciddi fəsadlara yol aça bilər:
"Dövlət Vergi Xidmətinin strategiyasının əsas hədəflərindən biri güclü insan kapitalının formalaşdırılması, ədalətli iqtisadi mühitin yaradılması və dövlət büdcəsinə dayanıqlı vergi daxilolmalarının təmin edilməsidir".
Samirə Musayeva vurğulayıb ki, hazırda dövlət büdcəsinə daxil olan vergi ödənişlərinin təxminən 95 faizi könüllü vergi ödəmələri hesabına formalaşır. Bu da vergi ödəyiciləri ilə dövlət arasında yüksək etimad mühitinin göstəricisidir.
Rəis müavini qeyd edib ki, vergi münasibətlərində əsas məqsəd cərimə və inzibati sanksiyaların tətbiqi deyil, hüquqi maarifləndirmənin gücləndirilməsi, könüllü uyğunluğun təşviqi və sağlam rəqabət mühitinin təmin olunmasıdır. Onun sözlərinə görə, bu yanaşma həm sahibkarların fəaliyyətinin genişlənməsinə, həm də dövlətin fiskal dayanıqlığının möhkəmlənməsinə xidmət edir.