Çernobıl qəzasının nəticələrindən zərər çəkənlər dövlətin sosial qayğısı ilə əhatə olunur VİDEO
Bakı, 24 aprel, AZƏRTAC
Aprelin 24-də Azərbaycan Milli QHT Forumu və Azərbaycan "Çernobıl Əlilləri İttifaqı" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Çernobıl faciəsinin 40-cı ildönümünə həsr olunan ictimai müzakirə keçirilib.
AZƏRTAC xəbər verir ki, çıxış edən Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli Çernobıl mövzusunun yalnız keçmiş deyil, həm də bu gün və gələcək üçün aktual olduğunu bildirib.
O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründən başlayaraq Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edənlərin hüquqi statusunun müəyyənləşdirilməsi, sosial müdafiəsinin gücləndirilməsi və qanunvericilik bazasının formalaşdırılması istiqamətində mühüm addımlar atılıb. Bu siyasət bu gün də davam etdirilir və sosial müdafiə mexanizmləri təkmilləşdirilir.
R. İskəndərli vurğulayıb ki, vətəndaş cəmiyyəti bu proseslərdə aktiv iştirak etməli, ictimai nəzarət və əməkdaşlıq gücləndirilməlidir.
"Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İctimai Birliyinin sədri Mirhəsən Həsənov da bildirib ki, 1990-cı illərə qədər Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak etmiş və zərər çəkmiş şəxslərin sosial müdafiəsi qanunvericilikdəki boşluqlar səbəbindən tam təmin olunmayıb. Yalnız Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə onların statusunu və sosial müdafiəsini tənzimləyən qanun qəbul edilib. Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə bu sahədə ardıcıl sosial dəstək tədbirləri həyata keçirilib.
Xüsusilə 2008–2009-cu illərdə mühüm fərmanlar imzalanıb və 2021-ci ildə qəbul edilən qərarla bu kateqoriyadan olan şəxslərin, o cümlədən Çernobıl iştirakçılarının mənzil şəraiti yaxşılaşdırılıb, yüzlərlə ailə mənzillə təmin edilib.
Müzakirələr zamanı vətəndaş cəmiyyəti nümayəndələri və Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak etmiş şəxslər də çıxış edərək, mövzu ilə bağlı fikir və təkliflərini bölüşüblər. Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Çernobıl qəzasından zərər çəkmiş şəxslərə göstərdiyi diqqət və qayğı, eləcə də bu istiqamətdə həyata keçirilən sosial müdafiə tədbirləri barədə danışıblar. Həmçinin Çernobıl qəzası iştirakçılarının və onların ailə üzvlərinin sosial vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb.
İctimai müzakirə qarşılıqlı fikir mübadiləsi və iştirakçılara təşəkkürnamələrin təqdim olunması ilə başa çatıb.