Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO
Bakı, 16 iyun, AZƏRTAC
Azərbaycan tarixən kənd təsərrüfatında daha çox ekstensiv artım üzərindən inkişaf yolu seçib. Məhz cənab Prezidentin son illərdə imzaladığı fərmanlar və təsdiqlədiyi Dövlət proqramları, o cümlədən kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı ekstensiv modeldən intensiv modelə keçidi özündə ehtiva edir.
Bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov AZƏRTAC, AzTV və ARB TV-yə məxsusi müsahibəsində söyləyib.
Daha az sahədən daha çox məhsul istehsalının vacibliyini vurğulayan nazir qeyd edib ki, bu, eyni zamanda, elmi tədqiqatların, təhsilin özəl sektorla və aqrar sahə ilə intensiv işini özündə ehtiva edir. Bunların hamısı yeni Dövlət Proqramının icrası çərçivəsində nəzərdə tutulur.
“Azərbaycanın özünəməxsus dinamikası, özünəməxsus iqlim şəraiti, özünəməxsus suvarma şəbəkəsi mövcuddur və biz bu reallıqları göz önündə saxlamalıyıq. Bunların inkişafı sadəcə aqrar sektorun inkişafı ilə bağlı olmayacaq. Çünki aqrar sektor, eyni zamanda, iqtisadiyyatın bir parçasıdır. İqtisadiyyatın bir parçası olaraq da, adətən iqtisadiyyatdan fərqli bir dinamika sərgiləmir. Regionların sosial və kommunal infrastrukturu inkişaf etdikcə, Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan layihələr icra olunduqca fermerlər üçün yeni imkanlar yaranacaq ki, daha az resursla daha çox məhsul istehsal olunması məntiqini tətbiq edə biləcəyik. Biz məhsul subsidiyasını tətbiq etdikcə, inanıram ki, fermerlər daha çox məhsul istehsal etməyə, vahid ərazidə məhsuldarlığı artırmağa meyilli olacaqlar”, - deyə o əlavə edib.