Rusiya Federasiya Şurası sədrinin birinci müavini humanitar əlaqələrin ikitərəfli əməkdaşlığın inkişafında xüsusi rolunu vurğulayıb VİDEO
Bakı, 18 iyun, AZƏRTAC
Səhiyyə, tibb kadrlarının hazırlanması, elm və təhsil məsələləri Rusiya-Azərbaycan əməkdaşlığında mühüm yerə malikdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisinin parlamentlərarası əməkdaşlıq Komissiyasının 24-cü iclasında bildirib.
O qeyd edib ki, bu mövzuların gündəliyə daxil edilməsi iki ölkə arasında humanitar əməkdaşlığın yüksək səviyyəsini əks etdirir.
Yatskin deyib: “Səhiyyə və təhsil üzrə komissiyanın işi konstruktiv olacaq və həm parlament diplomatiyasının inkişafı, həm də tibb kadrlarının hazırlanması, elm və təhsil sahələrində əməkdaşlığın gücləndirilməsi üçün faydalı olan həllər hazırlamağa imkan verəcək”.
O, humanitar əməkdaşlığın iki ölkə arasındakı münasibətlərdə xüsusi rola malik olduğunu vurğulayıb.
"Ölkələrimizi üfüqi səviyyədə çoxsaylı insani əlaqə birləşdirir. Komissiyanın fəaliyyətinin bu münasibətlərin daha da möhkəmlənməsinə töhfə verməsi vacibdir”, -deyə Rusiya Federasiya Şurası sədrinin birinci müavini qeyd edib.
Müxbirlər – Pərvanə Qafarova, Tərgül Babayeva