Malayziya Mərkəzi Bankı: Hazırda qlobal dövriyyədə olan sukukların həcmi 1 trilyon dolları ötür VİDEO
Bakı, 18 iyun, AZƏRTAC
Hazırda qlobal dövriyyədə olan sukukların ümumi həcmi 1 trilyon dolları ötür.
AZƏRTAC xəbər verir ki, bu barədə Malayziyanın Negara Bankının (Mərkəzi Bank) direktorunun müavini Adnan Zaylani Zahid İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində “Etiketlənmiş sukuk - növbəti hüdud” mövzusunda keçirilən sessiyada çıxışı zamanı deyib.
O qeyd edib ki, qlobal maliyyələşmə üçün 15 trilyon dollar tələb olunur.
“İslam maliyyə alətləri uzunmüddətli investisiya baxımından imkanlar təqdim edir və davamlı inkişaf üçün çox vacibdir. Sukuk bərpaolunan enerji, rəqəmsal bağlantı və nəqliyyat sistemlərində vacib maliyyə aləti kimi istifadə olunur. Malayziyada sukuk 54 milyard dollardan çox investisiyalara istifadə olunub. 2030-cu ilədək tələb olunan məbləğlər daha böyükdür. Sukuk kimi maliyyə alətləri çox gözəl həll təklif edir. Təyinatlı sukuk üçün davamlı standartlar, şəffaf həllər və funksional bazarlar müəyyən olunur. Bunlar olmadan kapital etibar qazana bilməz. Malayziyada ilk korporativ sukuk 1990-cı ildə emissiya olunub. Sukukun ümumilikdə dəyəri artıb və Malayziyanın daxili bazarında özünə mühüm yer tutub. Bu məsələlər çox yüksək inteqrasiya olunmuş maliyyə ekosistemi ilə tənzimlənir. Bu il təyinatlı sukukun həcminin 20 milyard dollar artması gözlənilir”, - deyə Adnan Zaylani Zahid qeyd edib.