KOBİA sədri: Bir çox KOB-lar hələ də regional və qlobal bazarlara çıxış əldə etməkdə çətinliklə üzləşir VİDEO
Bakı, 18 iyun, AZƏRTAC
Kiçik və orta müəssisələr iqtisadi inkişafın əsas sütunlarından biridir. Onlar yeni iş yerləri yaradır, innovasiyaları təşviq edir və iqtisadi artıma mühüm töhfə verirlər. Lakin bir çox KOB-lar hələ də regional və qlobal bazarlara çıxış əldə etməkdə, eləcə də daha geniş dəyər və təchizat zəncirlərinin bir hissəsinə çevrilməkdə çətinliklərlə üzləşirlər.
AZƏRTAC xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində “KOB-ların regional dəyər və təchizat zəncirlərinə qoşulması, ticarət sürtünməsinin azaldılması, sifarişlərin icrasına imkan verilməsi və KOB-ların əlaqələndirilməsi” mövzusunda sessiyada çıxışı zamanı deyib.
O.Məmmədov qeyd edib ki, KOB-lar müasir təchizat zəncirlərinin tələblərinə cavab verməkdə çətinlik çəkirlər.
“Çünki bu zəncirlərdə sürət, etibarlılıq, şəffaflıq və uyğunluq məsələləri getdikcə daha böyük əhəmiyyət kəsb edir. Bir çox müəssisələr maliyyə resurslarına məhdud çıxış, yüksək logistika xərcləri, mürəkkəb prosedurlar və səmərəsiz sənədləşdirmə prosesləri ilə qarşılaşırlar. Bu çətinliklər KOB-ların sifarişləri vaxtında yerinə yetirməsini, fəaliyyətlərini genişləndirməsini və iri şirkətlərlə uzunmüddətli tərəfdaşlıqlar qurmasını çətinləşdirir. Bu problemlərin həlli üçün bütün maraqlı tərəflərin üzərinə mühüm vəzifələr düşür. Maliyyə institutları KOB-ların ehtiyaclarına daha uyğun maliyyə həlləri təqdim etməlidirlər. Texnologiyalar proseslərin sadələşdirilməsinə və səmərəliliyin artırılmasına kömək edə bilər. İnkişaf tərəfdaşları və biznesə dəstək göstərən təşkilatlar isə müəssisələrin potensialını gücləndirməyə və onları yeni bazarlarla əlaqələndirməyə yardım göstərə bilərlər”, - deyə KOBİA sədri əlavə edib.