Tovuzda kartof yığımı davam edir VİDEO
Tovuz, 25 iyun, AZƏRTAC
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi və bundan irəli gələrək bəzi məsələlərin tənzimlənməsi haqqında Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində ölkəmizdə aqrar sahənin inkişafı məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyi, müasir texnologiyaların tətbiqi və fermerlərin fəaliyyətinin stimullaşdırılması qeyri-neft sektorunun aparıcı sahələrindən olan aqrar bölmənin dayanıqlı inkişafına, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və kənd yerlərində məşğulluğun artırılmasına mühüm töhfə verir.
Aqrar sahənin ənənəvi istiqamətlərindən biri olan kartofçuluğun inkişafı da dövlət dəstəyi tədbirləri nəticəsində yeni mərhələyə qədəm qoyub. Tovuz rayonu kartofçuluğun geniş inkişaf etdiyi bölgələrdən biri olmaqla bu sahədə ölkənin aparıcı rayonları sırasında yer alır.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə cari ildə rayonda kartofçuluğun inkişafı məqsədilə 4270,1 hektar sahədə kartof əkini aparılıb. Hazırda məhsul yığımı uğurla davam edir. Bu günədək sahələrdən 4680 ton məhsul yığılıb. İlkin nəticələr məhsuldarlığın ötən illə müqayisədə daha yüksək olacağını göstərir.
Müxbir - Ruslan Novruzoğlu