Fərhad Hacıyev: “Yüksəliş” müsabiqəsində hər il suallar çətinləşdirilir, lakin yarımfinala keçənlərin sayı 300-dən çox olur VİDEO
Bakı, 3 iyul, AZƏRTAC
Biz hər il çalışırıq ki, yarımfinal mərhələsinə təxminən 300 nəfər vəsiqə qazansın. Lakin indiyədək buna nail ola bilməmişik. Statistikaya baxsaq görərik ki, yarımfinalçıların sayı hər dəfə 300-ü keçir.
AZƏRTAC xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində çıxış edərkən deyib.
F. Hacıyev qeyd edib ki, hər il suallar çətinləşdirilir, tapşırıqlar daha mürəkkəb olur, keçid balı yüksəldilir: “Buna baxmayaraq, yarımfinala vəsiqə qazananların sayı yenə də 300-dən artıq olur. Bu isə iştirakçıların yüksək potensialının göstəricisidir. Artıq yarımfinal mərhələsinə yüksəlmək özlüyündə böyük nailiyyət və qələbədir. Doğrudan da, bu il çox peşəkar və yüksək bilikli yarımfinalçılarımız var. Onlarla qürur duyuram”.
İşçi qrupunun rəhbəri qeyd edib ki, altıncı dəfə keçirilən “Yüksəliş” müsabiqəsi ölkəmizdə geniş vüsət alıb və cəmiyyətin böyük marağına səbəb olub: “Bu il müsabiqəyə 17 mindən çox müraciət daxil olub ki, bu da bizim üçün rekord göstəricidir. Hər il cəmi 20 nəfərin qalib seçilməsinə baxmayaraq, müraciət edənlərin sayı ildən-ilə artır. Bu isə müsabiqəyə olan inamın və etimadın yüksəldiyini, iştirakçıların onun şəffaf və obyektiv mexanizmə malik olduğunu qəbul etdiyini göstərir”.