Fərhad Hacıyev: “Yüksəliş” müsabiqəsinin yarımfinalında 331 nəfər iştirak edir və onlardan 100-ü finala vəsiqə qazanacaq VİDEO
Bakı, 3 iyul, AZƏRTAC
Altıncı dəfə keçirilən “Yüksəliş” müsabiqəsinə 17 mindən çox müraciət daxil olub. Yarımfinal mərhələsində 331 nəfər iştirak edir və onlardan 100-ü finala vəsiqə qazanacaq. Final mərhələsinin yekununda isə 20 nəfər müsabiqənin qalibi elan ediləcək.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev söyləyib.
Fərhad Hacıyev qeyd edib ki, builki müsabiqənin mövzusu “Azərbaycan yüksəlişinin memarları” adlanır. Mövzu Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət quruculuğu siyasətinə, həmçinin 2026-cı ilin ölkədə “Şəhərsalma və Memarlıq İli” elan olunmasına həsr edilib. Bu istiqamətdə iştirakçılar üçün xüsusi test və qiymətləndirmə tapşırıqları hazırlanıb, onların bilik və idarəetmə bacarıqları peşəkar ekspertlər tərəfindən dəyərləndirilir. Ümumilikdə qiymətləndirmə prosesinə 100-ə yaxın ekspert cəlb olunub.