® Kanada Azərbaycan Məktəbi 2026-cı il məzunlarını təntənəli mərasimlə yola salıb VİDEO
Bu il Kanada Azərbaycan Məktəbinin məzunları (OSSD) proqramını 95 faizdən yuxarı akademik göstərici ilə uğurla başa vuraraq beynəlxalq səviyyədə mühüm nailiyyətlər əldə ediblər. Onlar Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Kanada, İtaliya və Çexiyanın nüfuzlu ali təhsil müəssisələrinə “Foundation” proqramı keçmədən, birbaşa bakalavr pilləsinə qəbul olublar. Məzunlar maliyyə, beynəlxalq münasibətlər, biotibb elmləri, informasiya texnologiyaları, kompüter elmləri, süni intellekt, tibb, iqtisadiyyat, biznes, həmçinin stomatologiya kimi müasir və perspektivli ixtisaslar üzrə təhsillərini davam etdirəcəklər. Onlar qəbul olduqları ölkələrdə 3 illik bakalavr təhsili qazanıblar.
2026-cı il məzunları aşağıdakı universitetlərə birbaşa qəbul olublar:
* The University of Edinburgh – Dentistry
* Queen Mary University of London – Finance
* University of Southampton – International Relations
* University of Birmingham – Biomedical Science
* University of Birmingham – Information Technology
* The University of Edinburgh – Computer Science and Artificial Intelligence
* Charles University – Faculty of Medicine
* University of Cassino and Southern Lazio – Economics and Business
Diqqətə çatdıraq ki, OSSD diplomu IB və A-Level dərəcələri ilə eyni səviyyəyə malikdir.
Məktəbdən bildirilib ki, əldə olunan nəticələr təhsil müəssisəsində tətbiq edilən beynəlxalq təhsil proqramının, yüksəkixtisaslı müəllim heyətinin peşəkarlığının, valideynlərin etimadının və şagirdlərin məqsədyönlü fəaliyyətinin göstəricisidir.
Qeyd edək ki, Kanada Azərbaycan Məktəbində şagirdlərə yalnız akademik biliklər deyil, eyni zamanda, tənqidi düşünmə, analitik yanaşma, liderlik, elmi araşdırma və qlobal dünyagörüşü kimi XXI əsrin vacib bacarıqları da aşılanır. Məktəbin əsas məqsədi hər bir şagirdi dünyanın aparıcı universitetlərinə hazırlamaq və onların beynəlxalq səviyyədə uğurlu karyera qurmasına dəstək verməkdir.
Məzun gününə Kanadadakı tərəfdaş məktəbin direktoru David Stephen Oancia da qatılaraq, məzunlara diplomlarını təqdim edib. Bildirilib ki, təqdim olunan diplomlar beynəlxalq səviyyədə tanınan təhsil sənədi olmaqla yanaşı, məzunların dünyanın aparıcı universitetlərinə və gələcək peşə həyatına inamla addımlamalarına geniş imkan yaradır.
Kanada Azərbaycan Məktəbində hesab edirlər ki, bugünkü məzunlar gələcəkdə müxtəlif ölkələrdə həkim, mühəndis, proqramçı, iqtisadçı, alim və lider kimi fəaliyyət göstərərək Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edəcəklər.
Sonda məktəb rəhbərliyi bütün məzunları, onların valideynlərini və müəllimlərini təbrik edərək, hər birinə yeni uğurlar, möhkəm iradə və parlaq gələcək arzulayıb.