Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO
Bakı, 7 avqust, AZƏRTAC
Uşaq Səfirlər Məclisi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin layihəsi əsasında fəaliyyət göstərən ilk könüllü uşaq platformasıdır. Milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində fəaliyyət göstərən bu təşkilat uşaqların vətənpərvərlik ruhunda formalaşmasına, ana dilinə və milli kimliyə bağlılığının gücləndirilməsinə xüsusi önəm verir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Uşaq Səfirlər Məclisinin üzvü Tanər Əsgərzadə söyləyib. O bildirib ki, platformanın əsas məqsədlərindən biri uşaqlara milli-mənəvi dəyərlərin aşılanması, azərbaycançılıq ideologiyasının təbliği, vətənpərvərlik hissinin gücləndirilməsi və uşaq hüquqlarının təşviqidir. Bu məqsədlə il ərzində müxtəlif maarifləndirici layihələr, konfranslar, görüşlər və sosial təşəbbüslər həyata keçirilir. 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə keçirilən tədbir ana dilinin qorunmasına həsr olunub. Tədbir çərçivəsində uşaqlar rəsmi şəxslərlə, mütəxəssislər və ictimaiyyət nümayəndələri ilə görüşərək onları maraqlandıran sualları ünvanlamaq, fikir və təkliflərini səsləndirmək imkanı əldə ediblər.
“Ana dili hər bir xalqın milli kimliyinin əsas göstəricilərindən biridir. Azərbaycan dilini qorumaq, onu düzgün və səlis şəkildə istifadə etmək hər birimizin vətəndaşlıq borcudur. Xüsusilə uşaqların kiçik yaşlarından ana dilinə sevgi ruhunda böyüməsi milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır”, - deyə o bildirib.
Müsahibimiz qeyd edib ki, Uşaq Səfirlər Məclisi fəaliyyətində uşaqların öz ana dilində sərbəst, səlis və düzgün danışmasını təşviq edir, Azərbaycan dilinin saflığının qorunmasını milli-mənəvi dəyərlərin yaşadılmasının mühüm istiqamətlərindən biri hesab edir. Qloballaşma və rəqəmsal mühitin sürətli inkişafı şəraitində milli kimliyin qorunması daha da aktuallaşır, uşaqların milli dəyərlərə bağlı, ana dilinə hörmətlə yanaşan, vətəndaş məsuliyyətini dərk edən şəxsiyyət kimi formalaşması cəmiyyətin gələcək inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Milli-mənəvi dəyərlərin qorunması və bu istiqamətdə həyata keçirilən təşəbbüslərin genişləndirilməsi təşkilatın fəaliyyətinin prioritetlərindəndir.
Uşaq Səfirlər Məclisinin üzvü bütün uşaqları təşkilatın fəaliyyətinə qoşulmağa, layihələrdə fəal iştirak etməyə və Azərbaycan dilinin, milli-mənəvi dəyərlərimizin təbliğinə töhfə verməyə çağırıb.