Layihə koordinatoru: Peşə təmayüllü siniflər üzrə 207 vakant yer üzrə müəllimlərin işə qəbulu nəzərdə tutulur VİDEO
Bakı, 12 avqust, AZƏRTAC
2026–2027-ci tədris ili üzrə “Peşə təmayüllü siniflər” layihəsi çərçivəsində müəllimlərin işə qəbulu imtahanı keçirilir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Peşə təmayüllü siniflər” layihəsinin koordinatoru Çiçək Məmmədova deyib. O bildirib ki, layihə çərçivəsində ümumilikdə 207 vakant yer üzrə müəllimlərin işə qəbulu nəzərdə tutulur.
“Vakansiyaların 56-sı qrup rəhbəri, 151-i isə ixtisas müəllimi vəzifəsi üzrədir. İmtahanlar ölkə üzrə 15 mərkəzdə təşkil olunur. Müsabiqədə iştirak üçün ümumilikdə 5845 namizəd müraciət edib. Onlardan 2617 nəfəri imtahan mərhələsinə cəlb olunub.
Test imtahanının nəticələrinə əsasən hər vakant yer üzrə ən yüksək nəticə göstərən üç namizəd müsahibə mərhələsinə dəvət olunacaq. Müsahibə zamanı namizədlərin yalnız nəzəri bilikləri deyil, eyni zamanda, peşəkar və şəxsi kompetensiyaları qiymətləndiriləcək. Məqsəd vəzifəyə ən uyğun namizədi müəyyənləşdirməkdir”, – deyə layihə koordinatoru vurğulayıb.
Ç.Məmmədova qeyd edib ki, müsahibə mərhələsini uğurla başa vuran namizədlər əmək fəaliyyətinə cəlb olunacaqlar. Daha sonra onların metodiki və peşəkar bacarıqlarının inkişaf etdirilməsi məqsədilə müvafiq təlimlər təşkil ediləcək.