Mütəxəssis: Elmi əsaslandırılmış suvarma normalarının tətbiqi torpağın şoranlaşması riskini azaldır VİDEO
Bakı, 21 avqust, AZƏRTAC
Azərbaycanın Kür-Araz ovalığında torpaqların müasir ekomeliorativ vəziyyətinin qiymətləndirilməsi, şoranlaşma risklərinin müəyyənləşdirilməsi və suvarma suyundan səmərəli istifadənin təmin edilməsi istiqamətində tədqiqatlar aparılır. Kür-Araz ovalığında düzgün suvarma rejiminə əməl olunmaması torpaqların təkrar şoranlaşması riskini artırır.
Bu barədə AZƏRTAC-a müsahibəsində Coğrafiya İnstitutunun Layihələr və qrantlar sektorunun baş mütəxəssisi aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Azad Kərimov bildirib.
Mütəxəssis qeyd edib ki, ölkənin torpaq fondunun səmərəli istifadəsində düzgün suvarma rejiminin tətbiqi böyük əhəmiyyət daşıyır. Xüsusilə Kür-Araz ovalığında yağıntıların az olması və ərazinin arid iqlim şəraitində yerləşməsi kənd təsərrüfatı torpaqlarının əsasən suvarma hesabına becərilməsini zəruri edir. Suvarma zamanı normativ tələblərə əməl olunmaması və torpaqların ehtiyacından artıq suvarılması qrunt sularının səviyyəsinin yüksəlməsinə və nəticədə təkrar şoranlaşma proseslərinin yaranmasına səbəb ola bilər. Aparılan ilkin monitorinqlər Şirvan-Salyan iqtisadi rayonunda torpaqların ekomeliorativ vəziyyətinin qiymətləndirilməsini əhatə edib. Tədqiqatlar zamanı bəzi ərazilərdə qrunt sularının səviyyəsinin 1,6–2 metrədək yaxınlaşdığı müəyyən edilib. Bu vəziyyət xüsusilə yüksək temperatur şəraitində buxarlanmanın intensivləşməsi və duzların torpağın üst qatlarında toplanması səbəbindən təkrar şoranlaşma riskini artırır. Monitorinqin ilkin nəticələrinə əsasən, ayrı-ayrı ərazilərdə fermerlər tərəfindən suvarma normalarına tam riayət olunmadığı müşahidə edilib. Torpaqların diaqnostik göstəricilərinin təhlili isə bəzi sahələrdə transformasiya və bataqlıqlaşma proseslərinin getdiyini göstərir.
Şoranlaşma riski xüsusilə Kür-Araz ovalığının Şirvan və Muğan-Salyan ərazilərində daha yüksəkdir. Bu ərazilərdə ağır mexaniki tərkibli torpaqların su keçiriciliyinin aşağı olması suyun torpaqda yığılmasına, qrunt sularının səviyyəsinin yüksəlməsinə və şoranlaşma proseslərinin sürətlənməsinə şərait yarada bilər. Problemin qarşısının alınması və su ehtiyatlarından daha səmərəli istifadə məqsədilə iki layihə hazırlanır. Layihələrdən biri Baş Mil-Muğan və Baş Şirvan kollektorlarının sularından alternativ su mənbəyi kimi istifadənin imkanlarının araşdırılmasını nəzərdə tutur. Tədqiqat çərçivəsində kollektor sularının müxtəlif ərazilər üzrə minerallaşma və duzluluq göstəricilərinin müəyyənləşdirilməsi, suyun suvarma üçün yararlılıq dərəcəsinin qiymətləndirilməsi və uyğun ərazilərin coğrafi koordinatlarının müəyyən edilməsi planlaşdırılır. İkinci layihə isə Kür-Araz ovalığının Mil-Muğan, Şirvan-Salyan və digər uyğun ərazilərində kənd təsərrüfatı bitkilərinin suvarma rejimlərinin müəyyənləşdirilməsinə yönəlib. Layihə çərçivəsində ayrı-ayrı bitkilərin suya tələbatı və optimal suvarma normaları müəyyən ediləcək, sahələrin xüsusiyyətlərinə uyğun suvarma üsulları işlənib hazırlanacaq. Hazırlanacaq elmi-praktik tövsiyələrin aidiyyəti rayon və yerli icra qurumlarına təqdim edilməsi nəzərdə tutulur.
Mütəxəssis hesab edir ki, elmi əsaslandırılmış suvarma normalarının tətbiqi həm su ehtiyatlarından səmərəli istifadəyə, həm də kənd təsərrüfatı torpaqlarının şoranlaşma və deqradasiya risklərinin azaldılmasına imkan verəcək.
“Düzgün suvarma rejiminin tətbiqi ilə suya qənaət etməklə yanaşı, torpaqların məhsuldarlığının qorunması və onların uzunmüddətli kənd təsərrüfatı istifadəsinin təmin edilməsi mümkündür”, – deyə Azad Kərimov bildirib.