İlin sonunadək 350 məktəbəqədər təhsil müəssisəsində keyfiyyət monitorinqlərinin yekunlaşdırılması planlaşdırılır VİDEO
Şəmkir, 15 sentyabr, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin fəaliyyət istiqamətlərindən biri də təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi, eyni zamanda, xaricdə alınan kvalifikasiyaların tanınması, qeyri-formal və informal təcrübə üzrə tanınmanın həyata keçirilməsidir. Məqsədimiz bu istiqamətlər üzrə fəaliyyətimizi daha da irəli aparmaq, təhsil müəssisələrindəki keyfiyyət monitorinqi mexanizmlərini təkmilləşdirməkdir. Vaxtilə ali təhsil müəssisələri səviyyəsində həyata keçirilən akkreditasiya prosesi institusional olmaqla, proqram səviyyəsində davam etdirilirdi. Bu ildən etibarən məktəbəqədər təhsil müəssisələrində pilot akkreditasiyanın keçirilməsi nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov bildirib.
Onun sözlərinə görə, 2022–2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyasından irəli gələn hədəflərə uyğun olaraq, məktəbəqədər təhsil müəssisələrində keyfiyyət monitorinqlərinin həyata keçirilməsi əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. “Məktəbəqədər təhsil müəssisələrində keyfiyyət monitorinqi hər il 100, ümumilikdə 350 müəssisəni əhatə edir. Strategiyadan irəli gələn hədəflərə uyğun olaraq, bu ilin sonuna qədər 350 müəssisədə keyfiyyət monitorinqlərinin həyata keçirilməsi yekunlaşacaq”, - deyən Tural Əhmədov keçirilən monitorinqlərin məktəbəqədər təhsil müəssisələrində təlim prosesinin yaxşılaşdırılması, idarəetmənin təkmilləşdirilməsi baxımından mühüm imkanlar yaratdığını vuğrulayıb. Bildirib ki, bu ilin sonunadək bir məktəbəqədər təhsil müəssisəsində pilot akkreditasiyanın həyata keçirilməsi nəzərdə tutulur.
Müxbir – Vüsalə Cənnətova