Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır VİDEO
Bakı, 1 oktyabr, AZƏRTAC
Xəzər Universitetinin HASVET Baytarlıq təbabəti fakültəsində istifadə olunan “Dental rentgen” aparatı baytarlıq cərrahiyyəsində, xüsusən də Azərbaycanda tətbiq olunan son texnologiyalardan biridir. Aparat dental radiologiyada ən çox ehtiyac duyduğumuz cihazlardandır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında baytar həkim Hattap Soysal deyib. O, cihazın əhəmiyyətini vurğulayaraq bu texnologiyanın Azərbaycanda ilk dəfə fakültədə tətbiq olunduğunu qeyd edib: “Dental rentgen” çəkilişləri haqqında məlumatı olanlar yaxşı bilir ki, adi DR və CR aparatları ilə xəstə heyvanların dişlərini düzgün təyin etmək və görüntü almaq çox çətindir. Lakin burada istifadə etdiyimiz sistem vasitəsilə xəstə heyvanların bütün dişlərinin ən doğru bucaq və mövqedən rentgen görüntülərini əldə etmək mümkündür”.
Müsahibimiz bildirib ki, fakültənin nəzdində olan cərrahi avadanlıq günümüzün ən müasir texnologiyalarına cavab verir: “Bu avadanlıq vasitəsilə həm sahədə çalışan baytar həkimlərin, həm klinikaların, həm də tələbələrimizin ən son texnologiyalarla tanış olmalarını və ixtisaslarını daha mükəmməl öyrənmələrini təmin edirik. Eyni zamanda, xəstə heyvanların ən müasir cihazlarla müayinə və müalicə olunmasına şərait yaradırıq.
Bundan əlavə, müasir avadanlıqdan istifadə tələbələrimizin praktiki bilik və bacarıqlarının inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Biz istəyirik ki, tələbələr yalnız nəzəri biliklərlə kifayətlənməsin, eyni zamanda, müasir baytarlıq təbabətində tətbiq olunan texnologiyalarla yaxından tanış olsun və gələcək peşə fəaliyyətlərində bu biliklərdən istifadə edə bilsinlər.
Müasir baytarlıq təbabətində texnologiyaların inkişafı ilə diaqnostika və müalicə imkanları da genişlənir. Əsas məqsədimiz bu yenilikləri həm tələbələrimizin, həm də baytar həkimlərin istifadəsinə təqdim etmək və onların müasir avadanlıqla işləmək bacarıqlarını inkişaf etdirməkdir. İnanıram ki, burada yaradılan imkanlar tələbələrimizin gələcəkdə peşəkar baytar həkim kimi formalaşmasına və baytarlıq təbabətinin inkişafına öz töhfələrini verməsinə şərait yaradacaq”.