Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO
Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 20-21-də Berlinə səfəri zamanı Almaniya Kansleri ilə imzalanmış strateji gündəlik iki ölkə arasında münasibətlərin yeni mərhələyə yüksəldilməsi üçün mühüm siyasi çərçivə formalaşdırıb.
AZƏRTAC xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Dirk Lölken Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azerbaijan) təşkilatçılığı ilə keçirilən mətbuat konfransında deyib.
Səfir bildirib ki, sənəd yalnız enerji və əlaqələndirmə məsələlərini deyil, digər istiqamətləri, o cümlədən müdafiə sənayesi sahəsində əməkdaşlığı da əhatə edir.
D.Lölkenin sözlərinə görə, hazırda strateji gündəliyin həyata keçirilməsi istiqamətində Azərbaycan və Almaniya hökumətləri arasında iş aparılır. Tərəflər qarşılıqlı maraq doğuran əsas istiqamətləri müəyyənləşdirir və növbəti mərhələdə konkret məsələlərin müzakirəsi üçün görüşlər keçiriləcək.
“İqtisadi əlaqələrin inkişafı üçün siyasi çərçivənin olması və biznesə siyasi dəstəyin göstərilməsi vacibdir”, - deyə diplomat vurğulayıb.
Səfir əlavə edib ki, Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün qarşıdakı illərdə iqtisadiyyatla yanaşı, təhsil və səhiyyə sahələrində də geniş imkanlar mövcuddur.