Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO
Bakı, 6 oktyabr, AZƏRTAC
Böyük Britaniya Azərbaycanda həyata keçiriləcək layihələrin maliyyələşdirilməsinə ən azı 5 milyard funt sterlinq həcmində maliyyə dəstəyi göstərə bilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Biznes, İnnovasiya, Elm və Ticarət Departamentində dövlət naziri Anas Sarvar Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında keçirilən Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında çıxışı zamanı deyib.
O bildirib ki, bu imkanlardan istifadə etməklə Azərbaycanda daha çox layihənin həyata keçirilməsi nəzərdə tutulur.
“Böyük Britaniya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi, konkret layihələrin müəyyənləşdirilməsi və onların həyata keçirilməsi əsas prioritetlərdəndir. Xüsusilə infrastruktur, təmiz enerji və Orta Dəhlizin inkişafı istiqamətində layihələrin müəyyənləşdirilməsi və maliyyələşdirilməsi üçün əməkdaşlığın genişləndirilməsi mümkündür”, - deyə o qeyd edib.
Nazir vurğulayıb ki, tərəflər mövcud maliyyə imkanlarını konkret layihələrə yönəltmək və əməkdaşlığı praktiki nəticələrlə möhkəmləndirmək niyyətindədir.