“FotoBax” fotomüsabiqəsinə müraciətlərin başa çatmasına iki gün qalıb VİDEO
Bakı, 9 oktyabr, AZƏRTAC
Uşaqlar və yeniyetmələr arasında təşkil olunan “FotoBax” Milli Fotomüsabiqəsinə müraciətlərin başa çatmasına iki gün qalıb.
AZƏRTAC xəbər verir ki, dünyaşöhrətli fotojurnalist Reza Deqatinin təşəbbüsü və IDEA İctimai Birliyinin dəstəyi ilə keçirilən müsabiqə uşaqları fotoqrafiya vasitəsilə Azərbaycanın təbiətini kəşf etməyə və qorumağa həvəsləndirir.
Builki müsabiqə “Təbiəti sevirəm – Azərbaycan” mövzusuna həsr olunub. İştirakçılar ölkəmizin təbii gözəlliklərini, biomüxtəlifliyini, mənzərələrini və ətraf mühitin mühafizəsinin əhəmiyyətini əks etdirən fotolar təqdim edə bilərlər.
18 yaşadək uşaq və yeniyetmələr üçün nəzərdə tutulan müsabiqənin qaliblərini xüsusi mükafatlar gözləyir. İştirakçılar fotoaparat qazanmaqla yanaşı, Reza Deqati ilə birgünlük fotoqrafiya təlimində iştirak etmək imkanı əldə edəcəklər.
Müraciətlər oktyabrın 11-dək qəbul olunur.
İştirak etmək istəyən uşaqlar fotoşəkillərini müsabiqənin rəsmi müraciət səhifəsi vasitəsilə təqdim edə bilərlər.