“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO
Bakı, 2 noyabr, AZƏRTAC
Noyabrın 2-də Bakı şəhəri Abdulla Rəhimov adına 247 nömrəli tam orta ümumtəhsil məktəbində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Qəhrəmanlıqdan Zəfərə!” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları məktəbdə yaradılmış Zəfər guşəsi ilə tanış olublar. Burada şagirdlərin hazırladıqları rəsm əsərləri, müxtəlif əl işləri və heykəltaraşlıq nümunələri nümayiş etdirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra tədbir məktəblilərin təqdim etdiyi bədii proqramla davam edib. Şagirdlər Vətən müharibəsinə, qəhrəmanlıq salnaməmizə və Zəfər tarixinə həsr olunmuş şeirlər səsləndirib, müxtəlif səhnəciklər nümayiş etdiriblər. Məktəbin şagirdlərindən ibarət xor qrupunun ifasında vətənpərvərlik mövzusunda mahnılar təqdim olunub. Musiqi və bədii qiraət nümunələri ilə müşayiət olunan çıxışlarda Vətənə sevgi, torpaq uğrunda mübarizə, şəhidlərimizin fədakarlığı və xalqımızın birlik əzmi tərənnüm edilib.
Tədbir çərçivəsində nümayiş etdirilən səhnəciklərdə Vətən müharibəsinin qəhrəmanlıq salnaməsi, əsgərlərimizin şücaəti və tarixi Zəfərə aparan yol bədii şəkildə canlandırılıb. Şagirdlərin ifaları və hazırladıqları təqdimatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbirdə Əmək və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Nəsimi rayon komitəsinin sədri Reyhan Ocaqova, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nəsimi rayon təşkilatının sədri Azər Quliyev və “YAŞAT” Fondunun əməkdaşı Elşad Ələkbərov iştirak ediblər.
Tədbirin əsas məqsədi şəhidlərimizin əziz xatirəsini yad etmək, qazilərimizin qəhrəmanlığını ehtiramla anmaq, şagirdlərdə vətənpərvərlik ruhunu gücləndirmək, həmçinin gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığını təşviq etmək olub.