MƏDƏNİYYƏT
“Eurovision-2014” mahnı müsabiqəsinin ikinci yarımfinal konserti keçirilmişdir VİDEO
Kopenhagen, 9 may (AZƏRTAC). Mayın 9-da Kopenhagendəki “B and V” Arenanın səhnəsində “Eurovision-2014” mahnı müsabiqəsinin ikinci yarımfinal konserti keçirilmişdir.
AZƏRTAC-ın Danimarkaya ezam olunmuş müxbiri xəbər verir ki, “Eurovision-2014” şousunun aparıcıları Liza Ronne, Pilo Asbek və Nikolay Koppel tamaşaçıları salamlamış, iştirakçılara uğurlar arzulamışlar.
Sonra müsabiqənin təşkilatçıları tamaşaçılara möhtəşəm şou nümayiş etdirmişlər.
On beş ölkənin iştirakı ilə keçirilən yarımfinalda səhnəyə birinci Maltanı təmsil edən “Firelight qrupu” çıxmışdır. Ölkəsini “Coming home” mahnısı ilə təmsil edən müğənninin ifası mövzuya uyğun parlaqlıqla nümayiş etdirilmişdir.
İsrailin gənc, istedadlı müğənnisi Mei Feingold, Norveçdən Karl Espen, Gürcüstandan Mariko və The Shin, Polşadan Donatan və Kleo cütlüyü, Avstriyadan Konçita Vürst, Litva təmsilçisi Vilija Mataciunaite, finlandiyalı Softengine, İrlandiyadan Kasey Smit, belaruslu Teo (Yuri Yaşçuk), Makedoniyadan Tijana Dapkeviç, İsveçrədən Sebalter (Sebastiano Paulessi), Yunanıstandan Friki Fortun və Riskikido, Sloveniyadan Tinkara Kovaç, Rumıniyadan Paula Selinq və Ovi cütlüyü öz ifalarını nümayiş etdirmişlər.
Konsertdə diqqəti cəlb edən əsas məqam isə səhnə arxasındakı monitorlarda Danimarkanın nümayiş etdirilən müxtəlif guşələrinin görüntüləri olmuşdur.
Yarımfinal mərhələsində iştirak edən 15 ölkənin çıxışlarından sonra 15 dəqiqə ərzində təmsilçilərə səs göndərmək mümkün olmuşdur. Fasilədə Avstraliyadan müğənni Cesika Molbe tamaşaçılara maraqlı şou təqdim etmişdir.
Səsvermə nəticəsində iştirakçılar arasından 10 ölkə finala vəsiqə qazanmışdır. İkinci yarımfinalda 15 ölkə təmsilçisindən finala vəsiqə qazanan 10 ölkənin sıra ardıcıllığı belədir: İsveçrə (1), Sloveniya (2), Polşa (3), Rumıniya (4), Norveç (5), Yunanıstan (6), Malta (7), Belarus (8), Finlandiya (9), Avstriya (10).
Canlı şoudan dərhal sonra qalib ölkələrin təmsilçiləri mətbuat konfransı keçirmişlər. Finala vəsiqə qazanan 10 ölkənin təmsilçiləri jurnalistlərin suallarını cavablandırmışlar.
Mətbuat konfransında 10 ölkə təmsilçisinin mayın 10-da keçiriləcək finalda çıxış ardıcıllığını müəyyən etmək üçün püşkatma keçirilmişdir.
Müsabiqənin ikinci yarımfinalı dünyanın 45-ə yaxın ölkəsində televiziya ilə canlı yayımlanmışdır. Milyonlarla televiziya tamaşaçısı isə bu möhtəşəm şounu izləmək şansı əldə etmişdir.
Anar Rzayev
AZƏRTAC-ın müxbiri
Kopenhagen