Rabatda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr edilmiş konsert keçirilmişdir VİDEO
Rabat, 13 may (AZƏRTAC). Mayın 12-də Mərakeşin paytaxtı Rabat şəhərindəki V Məhəmməd adına teatrda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr edilmiş konsert keçirilmişdir.
Konsert Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dəstəyi və ölkəmizin Mərakeş Krallığındakı səfirliyinin təşəbbüsü ilə reallaşmışdır.
Konsertdən əvvəl teatrın foyesində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Gömrük mədəni irsin keşiyində” adlı sərgisi açılmışdır.
Sərgidə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin muzeylərində saxlanılan, gömrük orqanları tərəfindən müxtəlif vaxtlarda qaçaqmalçılardan müsadirə olunmuş qədim və dəyərli incəsənət əsərləri nümayiş etdirilmişdir.
Tədbirdə Mərakeşin gömrük və vergi administrasiyasının baş direktoru Zuhr Şorgi, diplomatik korpusların, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Sərgiyə gələnlər eksponatlara maraqla tamaşa etmişlər.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev mədəni dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində aparılan fəaliyyətdən, sərgidə nümayiş etdirilən eksponatların yüksək bəşəri əhəmiyyətindən bəhs etmişdir. O bildirmişdir ki, məqsəd Mərakeş xalqını Azərbaycan gömrük xidməti tərəfindən xilas edilmiş şah əsərlərin bir qismi və Dövlət Gömrük Komitəsinin rəsm qalereyasının eksponatları, eləcə də Azərbaycan xalqının tarixi, mədəniyyəti və tolerantlığı ilə tanış etməkdir.
Daha sonra ifaçılarımızın təqdimatında Azərbaycan və ərəb mahnılarından ibarət konsert keçirilmişdir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat