MƏDƏNİYYƏT
Böyük Teatrın solistləri Bakıda çıxış edəcəklər VİDEO
Bakı, 14 may (AzəTAc). Mayın 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Rusiya Dövlət Akademik Böyük Teatrının solistləri – Azərbaycanın Əməkdar Artisti, balet artistlərinin beynəlxalq müsabiqəsinin laureatı Çinarə Əlizadə və balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Kərim Abdullinin iştirakı ilə A.Adanın “Jizel” baletinin tamaşası keçiriləcəkdir.
Opera və Balet Teatrından AZƏRTAC-a bildirmişlər ki, yaradıcılığı Bakı tamaşaçılarına yaxşı məlum olan moskvalı həmvətənimiz Çinarə Əlizadə növbəti dəfə onu sevənlər qarşısında çıxış etmək üçün şəhərimizə gəlir.
Ç.Əlizadə Böyük Teatrın tarixində onun balet truppasında çıxış edən ilk azərbaycanlıdır.
Azərbaycan Opera və Balet Teatrının rəhbərliyi Çinarə Əlizadə ilə sıx yaradıcılıq əlaqələri saxlayır və onu hər il Bakıda çıxış etmək üçün qastrola dəvət edir. Balerinanın “Qu gölü”, “Don Kixot”, “Jizel” kimi klassik balet tamaşalarında yüksək professionallıqla ifa etdiyi aparıcı partiyalar baletsevərlər və teatr tənqidçiləri tərəfindən çox sevilir və daim yüksək qiymətləndirilir.