7 fevral – Böyük gələcəyə aparan gün
Bakı, 9 fevral, AZƏRTAC
Yeniləşən Azərbaycanda xalq yeni tarix yazdı. Zəfər savaşı ilə başlayan yeni dönəmin gələcək uğur səhifələrini də yazmaq, başlanan qələbə missiyasını sonadək yerinə yetirmək üçün xalq öz Liderindən, özünün müdrik rəhbərindən bundan sonra da dövlətə rəhbərlik etməsini istədiyini rəsmən təsdiqlədi. 7 fevral seçkilərinin nəticələri həm də bu xalqın arzusu, tələbi idi. Şəffaf və demokratik seçki prosesinin açıqlanan ilkin nəticələri ilə bütün dünya şahid oldu ki, Azərbaycan xalqı öz Lideri ilə qürur duyur, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, onun apardığı daxili və xarici siyasəti dəstəkləyir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin müavini Fəzail İbrahimli söyləyib.
F.İbrahimli qeyd edib ki, 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərindən ötən 6 il ərzində Prezident İlham Əliyevin verdiyi sözlərin əməldə həyata keçirilməsinə, son illərin uğurlu nəticələrinə əsaslanaraq birmənalı şəkildə deyə bilərik ki, fevralın 7-də keçirilən növbədənkənar prezident seçkiləri ölkəmizin istisnasız bütün ərazilərində, yəni, ərazi bütövlüyümüzün tam təmin olunduğu şəraitdə keçirildi və bu tarixə şərəflə yazılacaq bir faktdır. Bu, Azərbaycan xalqının öz Prezidentinin rəhbərliyi ilə əldə etdiyi ən böyük tarixi nailiyyətidir. Bütün bu ərazilərdə müqəddəs Bayrağımızı, öz xalqına söz verdiyi kimi, şərəflə ucaldan Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev atdığı müdrik addımları, verdiyi düşünülmüş qərarları ilə nəyi nə zaman və necə etməyin lazım olduğunu hər kəsdən daha yaxşı bildiyini dəfələrlə nümayiş etdirib. Prezident İlham Əliyev praqmatik siyasətçidir, hadisələri, prosesləri dəqiq qiymətləndirir, mühüm məsələlərin elmi cəhətdən əsaslandırılmış həlli yollarını təqdim edir, verdiyi bütün vədləri gerçəkləşdirir. O, Azərbaycanın tərəqqisini təmin edən strateji inkişaf paradiqmalarını dəqiq müəyyən edib. Prezident İlham Əliyev inkişafın milli modelini yaratmaqla Azərbaycan iqtisadiyyatının dayanıqlılığını təmin edib, ölkəmiz qarşısında yeni perspektivlər açılıb. Ali Baş Komandan soyuqqanlı ağılla hələ də dərk edilməsi çətin olan bir tarixi zəfərə imza atdı. Bütün dünyaya və dünya siyasətini müəyyən edən imperialist güc mərkəzlərinə, onların təzyiqlərinə rəğmən torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa olundu.
Dünyanın hazırkı çətin və mürəkkəb hərbi-geosiyasi şəraitində və ölkəmizin inkişafdan intibaha doğru yüksəlişi naminə gedəcəyimiz yolda müstəqil dövlətimiz və xalqımız üçün İlham Əliyev ən layiqli Lider, böyük şans və tam düzgün seçimdir. Uğurla həyata keçirilən çoxşaxəli islahatlar - bütün bunlar Prezident İlham Əliyevin adı ilə bağlıdır. Bu uğurlu siyasətin məntiqi nəticəsi olaraq Azərbaycan hazırda bütün sahələr üzrə dinamik inkişafın yeni mərhələsini yaşayır. İndi Azərbaycan yeni bir mərhələyə qədəm qoyub. Seçkilərdən sonra islahatlar həyata keçiriləcək, dövlətçiliyimiz və müstəqilliyimiz daha da güclənəcək. Həmçinin Azərbaycanda bütün sahələr üzrə inkişafın və tərəqqinin davam etdiyini görəcəyik”, - deyə Milli Məclis sədrinin müavini vurğulayıb.
O, əminliklə bildirib ki, Azərbaycanın çağdaş tarixində yeni intibah mərhələsinin əsasını qoyan, milli mənafelərə söykənən strateji siyasi kursun ardıcıllığını təmin edən, təvazökarlığı həyat tərzinə çevirən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və müdrik rəhbərliyi sayəsində ölkəmiz inkişaf edəcək və çiçəklənəcək. 7 fevral seçkiləri bütün dünyaya bir daha sübut etdi ki, Azərbaycan demokratik bir dövlətdir, onun müstəqilliyi əbədi və dönməzdir. Xalqımızın taleyi öz əlindədir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu yolun həm bələdçisi, həm də sərkərdəsidir.