İDMAN
Azərbaycan idmançısı birinci Avropa Oyunlarının gümüş medalını qazanıb [YENİLƏNİB] VİDEO
İki yüz metr məsafəyə kayak yarışlarının finalında İnna Osipenko-Rodomska 42,091 saniyə nəticə ilə yarışı altıncı pillədə başa vurub.
Kanoe üzrə dördqat dünya və dördqat Avropa çempionu Valentin Demyanenko da yarışların finalında mükafat uğrunda mübarizə aparıb. O, kanoeçilərin 200 metr məsafəyə yarışında 40,142 saniyə nəticə ilə ikinci yeri tutub. V.Demyanenko yarışın qalibi olan litvalı Henrikas Justautasdan 0,078 saniyə geri qalaraq gümüş medalla kifayətlənməli olub. Çexiyalı Marton Foksa isə 40,188 saniyə nəticə ilə üçüncü yeri tutub.
Digər təmsilçimiz Mirnazim Cavadov 200 metr məsafəyə kayak yarışlarında B finalında start xəttinə çıxıb. O, 37,492 saniyə nəticə ilə finiş xəttini yeddinci keçib.
12:02
Mingəçevir, 16 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC
Mingəçevir şəhərində “Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində avarçəkmə yarışları davam edir .
AZƏRTAC xəbər verir ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində kayak və kanoe qayıqlarında yarışların final mərhələsinə start verilib. Hər iki növ üzrə yarışların son günündə 10 dəst medal sahibini tapacaq.
Bu gün Azərbaycan komandasının 3 təmsilçisi də final mərhələsinin iştirakçısı olacaq. Bir nəfərlik kayak qayığı ilə qadınların mübarizəsində Olimpiya çempionu İnna Osipenko-Rodomska 200 metr, 500 metr və 5000 metr məsafələrə əsas final yürüşlərində çıxış edir. Saat 11:05-də yarışa başlayan idmançımızın ilk cəhdi uğursuz olub. O, 500 metr məsafədə finiş xəttinə 5-ci çatıb. Kayakçımız saat 15:05-də 200 metr məsafədə final yarışına çıxacaq.
Kişilərin yarışında isə Mirnazim Cavadov 5000 metr məsafəyə final yürüşündə qüvvəsini sınayacaq.
Sonra isə kanoe üzrə dördqat dünya və dördqat Avropa çempionu Valentin Demyanenko bir nəfərlik qayıqla 200 metr məsafəyə final yürüşündə iştirak edəcək.