REGİONLAR
“Şeyx Cüneyd” türbəsi - Səfəvilərin Qusardakı yadigarı VİDEO
Qusar, 23 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Qusardakı tarixi abidələr arasında turistlərin ən çox diqqətini çəkən XVI əsrdə tikilən və Səfəvilərin yadigarı olan “Şeyx Cüneyd” türbəsidir.
AZƏRTAC xəbər verir ki, rayonun Həzrə kəndində yerləşən türbə yay istirahət mövsümündə çoxsaylı yerli və əcnəbi turistin ziyarət yerinə çevrilir. Rayona gələn əksər qonaqların bu tarixi abidəni görmək istəyi nəzərə alınaraq türbəyə səyahət əsas turizm marşrutlarına salınıb.
Türbədə dəfn olunan Şeyx Cüneyd Səfəvi şeyxlərindən biridir. Şeyx Cüneyd XV əsrdə Şirvana hərbi yürüşü zamanı Şirvanşahlar tərəfindən öldürülüb və Həzrə kəndində dəfn edilib. Məzar üzərində türbə 1544-cü ildə tikilib. Tarixi mənbələrdə Şeyx Cüneydin Şah İsmayıl Xətainin ulu babası olduğu göstərilir. Həzrə kəndindəki türbə də məhz Şah İsmayıl Xətainin göstərişi ilə inşa olunub. Sonradan şeyxin nəşinin qalıqları çıxarılaraq Ərdəbil şəhərinə aparılıb. Türbədən bir zamanlar məscid kimi də istifadə edilib.
Tarixi abidənin nəzarətçisi Məhbubə Kərimova bildirib ki, bişmiş kərpicdən inşa edilən türbə binası daxildən və xaricdən düzbucaqlı plana malikdir. Türbənin üzəri böyük günbəzlə örtülüb. Əvvəllər bu günbəz başqa formaya malik olub. Sonradan ona bitişik məscid tikilməsi və damının yenilənməsi nəticəsində türbə öz əvvəlki görkəmini dəyişib. Abidənin qərb qapısı üzərində yeddi sətirdən ibarət, ərəb dilində nəsx xətti ilə kitabə həkk olunub.
Türbənin interyerinin tarixi görkəmi qorunub saxlanılıb. Burada günbəzə keçid təşkil edən stalaktitlər diqqəti cəlb edir. Türbənin daxili divarları iki metrə qədər bənövşəyi və firuzəyi kaşı ilə örtülüdür. Şeyx Cüneydin məzarı üzərindəki sənduqə bərk ağacdan nəfis işlənmiş şəbəkəli çərçivə içərisinə alınaraq, üzərində mənbər qoyulub.
Beş yüz ilə yaxın yaşı olan türbə keçmiş sovetlər dövründə müxtəlif məqsədlər üçün istifadə edilib. Müstəqillik dövründə isə tarixi məbədə diqqət yenidən artırılıb, türbə təmir olunaraq ətrafı abadlaşdırılıb.
Məhbubə Kərimova bildirib ki, son zamanlar tarixi abidəni məktəblilər tez-tez ziyarət edir. Tarix dərslərinin proqramına uyğun olaraq şagirdlər “Şeyx Cüneyd” türbəsi ilə əyani tanış olurlar.