SİYASƏT


XƏYANƏT

Laçın rayonunun Ermənistanın silahlı qüvvələri tərəfindən işğalının on illiyi ilə əlaqədar mayın 18-də Azərbaycan televiziyasında növbəti veriliş efirə getmişdir. Həmin verilişin mətnini oxuculara təqdim edirik.

APARICI: On il əvvəl – 1992-ci ilin mayında Azərbaycan tarixində torpaqlarımızın itkisi, işğalı kimi faciələrin başlanğıcı qoyuldu. Mayın 8-də vətənimizin yenilməz qalası olan Şuşa xəyanətin qurbanı oldu. Bununla da Dağlıq Qarabağ bütünlüklə ermənilərin əlinə keçdi.

İşğal ssenarisinin reallaşacağına əmin olan ermənilər vaxt itirmədən Laçın-Görus dəhlizini açmağa can atır, qüvvələrini bu istiqamətdə cəmləşdirirdilər. Qarabağın belə ağır günlərində Bakıdakı hakimiyyət dairələri isə hücuma məruz qalan torpaqlarımızı müdafiə etmək əvəzinə, öz vəzifə kürsülərini qorumaq hayında idilər. Xalq, Vətən, torpaq yaddan çıxmışdı. Nə əldən getmiş vətən qalası Şuşa yada düşürdü, nə də gözlənilən Laçın faciəsi.

Laçının əvəzsiz strateji mövqeyini düzgün qiymətləndirən ermənilər göydən düşmüş bu tarixi fürsəti əldən vermir, hücumlarını gücləndirirdilər. Azərbaycanda isə bu hücumların, hiylələrin qarşısını ala biləcək nə milli birlik, nə də mütəşəkkil ordu vardı.

İmperiya Vəzirovdan sonra özünə ən etibarlı, sədaqətli şəxs hesab etdiyi Ayaz Mütəllibovu hakimiyyətə gətirmişdi. Polyaniçkonun əlində oyuncağa çevrilmiş bu adam isə Azərbaycanı düşdüyü Qarabağ bəlasından xilas etmək əvəzinə, respublikanın dağıdılmasının əsasını qoydu.

Xocalı soyqırımına rəvac verən Mütəllibovun xəyanətkar siyasətinin nəticəsi idi ki, hələ 1991-ci ilin payızında Laçının itirilməsi təhlükəsi yaranmış, Azəbaycanın giriş qapısı sayılan bu Vətən qalası yalnız mülki əhalinin, özünümüdafiə dəstələrinin ümidinə qalmışdı. Hakimiyyət iddiasında olan ayrı-ayrı adamların tabeliyindəki pərakəndə dəstələr bütün gücünü, qüvvələrini birləşdirib hücuma keçmək əvəzinə, Qaladərəsinə çəkilib, oradan da müəmmalı şəkildə Bakıya üz tutmuşdular. Bununla da kimsəsiz, köməksiz qalmış Laçın siyasi oyunların qurbanı oldu.

MURADXAN CABBAROV (Laçın rayon icra hakimiyyətinin başçısı): Laçın respublikamızda, demək olar ki, heyvandarlıqla məşğul olan ən iri dağ rayonlarından birinə çevrilmişdi.

Rayonun 125 kəndi, 1 şəhər tipli qəsəbəsi vardı. Axır vaxtlarda kəndlərin, demək olar, hamısına yol çəkilmişdi. Rayon başdan-başa elektrikləşdirilmişdi. Kəndlərin hamısına qaz çəkilmişdi. Həm şəhərdə, həm də kəndlərdə su məsələsi həll olunmuşdu. Demək olar ki, bütün kəndlərimizdə mədəniyyət evləri, xəstəxanalar əhaliyə xidmət göstərirdi. Yaraşıqlı məktəblər tikilmişdi. Laçın ən abad dağ rayonlarından birinə çevrilmişdi. Lakin vəziyyət elə gətirdi ki, respublikamızın səriştəsiz, bacarıqsız keçmiş rəhbərlərinin və bəzi xəyanətkarların hərəkətləri nəticəsində rayon işğal olundu.

Elə bir vəziyyət yaranmışdı ki, - biz bunun şahidi olmuşuq, gözümüzün qarşısında baş verib, - 1988-ci ildən başlayaraq, ermənilər havadarlarının köməyi ilə rayonlarda baş qaldırmışdılar. Respublika rəhbərliyində isə buna əhəmiyyət verən olmadı. Məsələn, 1988-ci ildə bizim kəndlərdə ermənilər ayrı-ayrı adamları heyvan otardığı yerdə, yolda öldürürdülər. Respublika təşkilatlarının rəhbərləri bunların hamısını bilirdilər, lakin heç bir tədbir görən yox idi.

1988-ci ildə Laçın blokadada qalmışdı. Bakıya, respublikanın paytaxtına gəlməyə Laçının bir yolu vardı. O da Laçın-Şuşa-Xankəndi-Ağdam yolu idi. 1988-ci ilin sonuna kimi bu yol tamamilə bağlandı. Dedilər ki, başqa yerdən yol açmaq lazımdır. 1989-cu ildə Laçından hətta Şuşaya da getmək mümkün olmadı. Laçınla Şuşa arasında Qaladərəsi adlanan erməni kəndi vardı. Bu kənd Laçından Şuşaya tərəf 10 kilometr məsafədə yerləşirdi. Elə vəziyyət yaranmışdı ki, oradan bir nəfər belə keçə bilmirdi. O tərəfə və ya bu tərəfə keçəni vururdular, öldürürdülər. Heç kəs buna əhəmiyyət vermirdi.

Ermənilər əvvəlcə Qaladərəsi kəndinə maşınla silah gətirirdilər. Sonra onlar bu kənddə vertolyot meydançası düzəltdilər. Hər gün Yerevandan oraya 2-3 dəfə silah gətirirdilər. Ermənilər gəlib-gedənə atəş açır və həm də Laçını mühasirəyə almağa hazırlaşırdılar. Bu kənddən Xankəndinə, Vənk kəndinə, Hadruta silah aparırdılar. Ermənilər Hadruta vertolyotla da silah daşıyırdılar.

1988-1989-cu illərdə ermənilər bir sağıcını uşağı ilə birlikdə həmin yolda öldürdülər. Şəhərdə yaşayan Rza adlı bir nəfəri Şuşaya gedərkən güllələdilər. Salatın Əsgərovanı iki polkovniklə birlikdə həmin yolda öldürdülər. Öldürənlərin, cinayətkarların, terrorçuların kimliyi məlum oldu. Lakin bununla bağlı tədbir görən olmadı. Respublikanın əlaqədar təşkilatlarına bunları çatdıranda da, hər dəfə deyirdilər ki, onlara dəyməyin, baş qoşmayın, onlarla işiniz olmasın.

Hətta ermənilər maşınla silah gətirib Laçından keçirərkən yerli sakinlər onların qarşısını kəsmiş, geri qaytarmaq istəmişdilər. Onda ermənilər bizimkilərə güllə atmışdılar. Laçının özündə bir-iki adama güllə dəymişdi. Amma o vaxt respublika təşkilatları, inzibati orqanlar, rəhbərlik buna fikir vermirdi. Getdikcə münaqişə artırdı. Ermənilər də görürdülər ki, tədbir görən yoxdur və çalışırdılar ki, camaat qaçsın, çıxıb getsin.

APARICI: Laçın 1988-ci ildən ermənilərin fasiləsiz hücumlarına, fitnə-fəsadlarına mərdliklə cavab verirdi. Uşaqdan böyüyədək hamı özünün qədim yurd yerlərinin bir qarışına da erməni quldurlarını buraxmırdı. Sonra isə əhalidə olan ov tüfəngləri də yığıldı. Guya ordu yaradıldı. Sərhədlərimizin müdafiəsi onlara tapşırıldı. Əslində, xəyanətin kökləri bu vaxtdan şaxələndi. Respublikamızın o dövrdəki rəhbərləri, ordu komandirləri mərd, yenilməz laçınlıların inamını qırdılar.

1991-ci ilin payızında Mütəllibovla Polyaniçkonun Laçında 15 dəqiqəlik müəmmalı görüşünün məramı da 8 ay sonra, dağlar diyarı işğal ediləndə aydınlaşdı. Tarix göstərdi ki, imperiya siyasətindən mayalanan bu gəlişin özü də elə növbəti xəyanətə yönəldilmişdi.

NURƏDDİN İSMAYILOV: Laçın rayonu milli xəyanətkarların əməllərinin qurbanı oldu. O vaxtlar mən Sumqayıt şəhər kömsomol komitəsində şöbə müdiri işləyirdim. Tez-tez Laçına gedib-gəlirdim. Rəhim Qazıyev kimisinin Ayaz Mütəllibov tərəfindən müdafiə naziri təyin olunması Azərbaycan xalqına, Azərbaycan torpağına xəyanət etmək idi.

Ayaz Mütəllibovun prezident kimi səriştəsizliyi Laçının, o cümlədən digər rayonların işğal edilməsinə gətirib çıxardı.

VOROŞİL MƏMMƏDOV: Laçın 1988-ci ildən 1992-ci ilə qədər öz sakinlərinin hesabına qorunmuşdu. Buradakı özünümüdafiə dəstələri həm Ermənistan, həm də Dağlıq Qarabağ tərəfdən təcavüzə məruz qalsalar da, torpağı qorumuşdular. Ancaq Laçın xəyanətin qurbanı olmuşdur.

Bakıda kürsü, vəzifə uğrunda mübarizə aparanlar Laçındakı ordu hissələrini geri çağırdılar. 1992-ci ilin may ayında torpaqlarımız, əhali müdafiəsiz qaldı. Ona görə də Laçın işğal olundu.

MURADXAN CABBAROV: 1992-ci il martın 4-də 20 nəfər ağsaqqal yığışıb Bakıya getdik ki, Mütəllibov bizi qəbul etsin. Prezident aparatında Adil Hacıyev adlı birisi işləyirdi. O dedi ki, sizi mən qəbul edirəm. Mütəllibov sizin məsələnizi həll edəcəkdir. Əziyyət çəkməyin, qayıdıb gedin. Mütəllibov sizi qəbul etməyəcəkdir. O, içəri girib geri qayıtdı və dedi ki, Mütəllibov 8 nəfəri qəbul edəcəkdir. Eyni zamanda, dedi ki, elə edin, görüş 15-20 dəqiqə çəksin. Nə isə, Mütəllibov bizi qəbul etdi. Güc nazirləri də onun yanında idilər. Sonra general Timoşenko da gəldi. Bakı Şəhər İcra Hakimiyyətindən Ağayev də orada idi. İçəridəkilər məsləhət gördülər ki, Laçındakı vəziyyət haqqında bir nəfər məlumat versin. Mütəllibov əlində təsbeh çevirirdi. Bizə heç əhəmiyyət vermirdi, fikri başqa yerdə idi. Ona deyildi ki, ermənilər sərhəddə hazır vəziyyətdə durublar, bizə tank, silah, mütəxəssis lazımdır. Ermənilər bizdən hündürdədirlər, silahları da, adamları da var. Mütəllibov bizə dedi ki, onlar sizə güllə atmazlar. Dedim ki, görünür, sizin nə Laçın, nə də Şuşa haqqında təsəvvürünüz var. Laçın və Şuşa əldən gedir. Xocalı əhvalatı 10-15 günə kimi Laçının da, Şuşanın da başına gələcəkdir. Tədbir görmək lazımdır. Güc nazirlərini rayona yola salın, orada vəziyyətlə tanış olsunlar. Tədbirlər planı hazırlansın, rayondan asılı olan məsələləri biz həll edək, buradan asılı olanları isə siz həll edin.

 

O, bunu da etmədi. Bundan ay yarım sonra Laçın işğal olundu. Mart ayının 4-də biz bunu demişdik. Əgər Mütəllibov baş komandan, prezident kimi kömək etsəydi, güc nazirləri hərəkət etsəydilər, qoşun da gələrdi, belə vəziyyət də baş verməzdi, ermənilər də Laçına girə bilməzdi. Deməli, Laçını bunların özləri verdilər.

İki saatdan sonra bayıra çıxdıq. Qapının yanında Rəhim Qazıyevi gördük. Yəqin ki, o da Mütəllibovun yanına keçmək istəyirdi. Mən belə nəticə çıxardım ki, bu adam 3-4 yerə qulluq edir. Ona dedim ki, Rəhim bəy, Laçında və Şuşada vəziyyət ağırdır. Dedi ki, ay ağsaqqal, o iki ermənidən ötrü siz buraya nə üçün gəlmisiniz? Onların atalarını yandıracağıq. Gedin evinizə, rahat yatın, narahat olmayın, bunlar boş söhbətlərdir. Onlar heç vaxt Laçını ala bilməzlər.

Bakıya gəldik, məsələyə baxılmadı, telefonla zəng vurduq, xeyri olmadı. Müdafiə naziri əhəmiyyət vermədi, daxili işlər naziri də həmçinin. Camaat yiyəsiz qaldı. Ordu hissələrini də çəkib Bakıya apardılar. Cəbhəçilərin batalyonuna Arif Paşayev başçılıq edirdi. Əmrlə onu işdən azad etdilər. Batalyon ləğv olundu, guya briqada yaradılacaqdı. Elburus Orucov vardı. Onu da aprel ayından briqada komandanı təyin etdilər ki, həm Laçını, həm də Şuşanı, bütün bu bölgəni onun rəhbərlik etdiyi hərbi hissə qorusun. Bunu da rayonda heç kəsə deməmişdilər. Desəydilər, rayondakılar bir çarə tapardı. Elə vəziyyət yarandı ki, Mütəllibovun prezidentliyinin ömrü bir gün oldu, sonra da qaçdı. İsa Qəmbər də mayın 18-də Milli Məclisə sədr seçildi. Laçının da işğalı ayın 18-də başa çatdı. İsa Qəmbər Milli Məclisə sədr seçildiyinə görə cəbhəçilər Bakıda yığışıb bayram etdilər. Laçın da həmin gün işğal olunmuşdu. İndi həmin adamların – cəbhəçilərin hərəsi bir partiya yaradıbdır.

İsa Qəmbər, Arif Hacıyev – onlar ikisi də mənəviyyatsızdır. Hər ikisi xalqın düşmənidir.

NOVRUZ GÜLƏLİYEV: 1988-ci ildən 1992-ci il mayın 17-dək Laçın ermənilərin qarşısında tək qalmışdı. Laçına heç bir kömək göstərilmədi. Rayonun işğalından əvvəl Laçın alayının rəhbərliyi naməlum səbəblərə görə dəyişdirildi. Bu alaydan əlavə, mülki əhali də rayonu tam müdafiə edə bilərdi. Bakıda baş verən hərc-mərclik, AXC-Müsavat cütlüyü ilə Ayaz Mütəllibov arasında hakimiyyət uğrunda gedən mübarizə Laçının işğalına səbəb oldu.

Ermənilər Laçına hücuma cürət etmirdilər, özlərində cəsarət tapa bilmirdilər. 1905-ci ildən 1918-1920-ci illərə qədər ermənilər Laçına neçə dəfə daxil oldularsa, bu, onlara həmişə dərs oldu. Xalqımızın qeyrətli oğulları Sultan bəyin, Xosrov bəyin sayəsində əhali torpağımızın bir qarışını da ermənilərə vermədi. Onların varislərinə ixtiyar verilsəydi, Laçın işğal olunmazdı. Amma müəyyən siyasi partiyalar, onların rəhbərləri və nümayəndələri laçınlıların köçürülməsini gizli şəkildə planlaşdırdılar, müəyyən yerlərdən avtobuslar göndərdilər. Vahimə yaradıb əhalini köçürdülər. Ermənilər Laçına yenə də Ermənistan tərəfdən hücum etmədilər. Laçına zərbəni bilavasitə Şuşadan endirdilər. Onlar əvvəlcə Şuşanı zəbt etdilər. Laçın məngənədə qaldı. Bunun da əsas səbəbləri, başda Qorbaçov olmaqla böyük dövlətlərin o vaxt hazırladığı plan və Azərbaycana dövləti idarə etməyi bacarmayan adamların rəhbərlik etməsi idi.

Laçının işğal edilməsində Ayaz Mütəllibov, Surət Hüseynov, Etibar Məmmədov, Rəhim Qazıyev, Əlikram Hümbətov “böyük rol” oynayıblar.

APARICI: Vəziyyətin gündən-günə ağırlaşdığı bir vaxtda əhalinin yeganə ümidi rayon daxili işlər şöbəsinin əməkdaşlarına qalmışdı. Şöbənin az-çox döyüş qabiliyyəti olan qüvvələri də sonralar, naməlum səbəblərdən yerli özünümüdafiə alayının komandiri Arif Paşayevə tapşırıldı.

AKİF SƏLİMOV: Azərbaycanda dövlətin, ordunun yalnız adı vardı. Əslində, respublikamızda silah altında peşəkar, döyüşən bir əsgər də yox idi. Təbiidir ki, belə məqamda xalq ümidini yeganə xüsusi geyim forması və silahı olan polisə bağladı. Ordu əvəzinə polis sərhədləri qorumaq məcburiyyətində qaldı. Ədalət, haqq, Allah naminə demək lazımdır ki, o dövrün təzyiqinə baxmayaraq, polis mümkün olan hər şeyi etdi.

O dövrdə genişmiqyaslı müharibə getmirdi. Lokal müharibə, döyüşlər gedirdi. Azərbaycan polisi bu döyüşlərin öhdəsindən gəlirdi. Ona görə gəlirdi ki, məhdud dairədə döyüşlər gedirdi. Polis də üzərinə düşən vəzifələrin hamısını şərəflə, ləyaqətlə yerinə yetirirdi. O vaxt Laçının kəndlərini əsasən polis dəstələri, bir də könüllülərdən ibarət dəstələr qoruyurdu.

Polisdə təqribən 300 nəfərlik şəxsi heyət, o vaxt mümkün olan silahları vardı. Erməni quldurları ilə lazımi səviyyədə döyüş aparmaq iqtidarında idi. Polis nəfərləri və zabitlər peşəkar döyüşçülərə çevrilmişdilər.

Əyani bir misal deyim, Laçın polisi döyüşdüyü dövrdə 50 əməkdaşı qəhrəmancasına həlak olmuşdur. Onların üçü Azərbaycanın Milli Qəhrəmanıdır. Beş nəfər “Azərbaycan bayrağı” ordeni ilə təltif olunubdur. Milli Qəhrəmanların ikisi, “Azərbaycan bayrağı” ordeni ilə təltif olunanların hamısı Heydər Əliyevin prezidentliyi dövründə bu mükafatlara layiq görülüblər. Yenə deyirəm, döyüşən 300 polis əməkdaşından 50-si həlak olub, 10 nəfəri kantuziya alıb, 5-i “Azərbaycan bayrağı” ordeninə, 3-ü Milli Qəhrəman adına layıq görülüb, 144 nəfər müxtəlif dərəcədə bədən xəsarəti almışdır. Bu, vətənpərvər övladlarımızın, o cümlədən də Azərbaycan polisinin nəyə qadir olduğunu göstərir.

Mayın 8-də Şuşa işğal olundu. Laçın Ermənistanla Dağlıq Qarabağın arasında tənha, kimsəsiz, arxasız, dayaqsız, müdafiəsiz qaldı. Ordu quruculuğu ilə məşğul olmaq əvəzinə, bəziləri hakimiyyətə gəlmək üçün hoqqabazlığa başladılar. Bunun da nəticəsində xalq ağır vəziyyətə düşdü. Təkcə 1992-ci ilin mayında Azərbaycanda hakimiyyət üç dəfə dəyişdi. Parlamentə hücum edib hakimiyyətə gələn oğlanlar, istifadə etdikləri hərbi texnika ilə Şuşaya, Laçına, bizə kömək etməyə gəlsəydilər, təbiidir ki, döyüşün nəticəsi başqa cür olardı. O dövrdə - 1989, 1990, 1991-ci illərdə, heç olmasa, 1992-ci ilin əvvəllərində hakimiyyətdə Heydər Əliyev olsaydı, Azərbaycan torpaqları işğal edilməyəcəkdi.

Uşaqdan tutmuş böyüqə qədər laçınlıların hamısında elə ruh var ki, biz mütləq o torpağa qayıtmalıyıq. Özü də döyüşə-döyüşə qayıdacağıq. Bu, zərurətdir, namus yüküdür. Gərək bu yükü namusla, şərəflə çəkəsən və bir çox ləkələri düşmənin qanı ilə yuyasan. Laçınlılar, xüsusən kənd əhalisi buna mənən hazırdır.

SƏNAN SƏLİMOV: Laçının işğalından 10 il keçir. O vaxt mənim 14 yaşım vardı. Amma döyüşlərin hamısını xatırlayıram. Laçınlıların mərdliklə vuruşduqlarının canlı şahidiyəm. Onlar kişi kimi vuruşurdular. Laçında vuruşan, əsasən, rayon polis şöbəsinin şəxsi heyəti idi. Onların bütün döyüşlərində iştirak etmişəm. Onların kişi kimi, mərdliklə vuruşduqlarını görmüşəm. Həmin döyüşlər indi də laçınlıların xatirindədir. Biz gənclər istəyirik ki, Laçına döyüşərək qayıdaq. Gənclərimiz yaxşı bilirlər ki, indi hansı rəhbərin, sərkərdənin arxasınca gedirlər. Biz həmişə, hər an Prezidentin əmrini gözləyirik və döyüşə hazırıq. Dövlətimizin başçısı nə vaxt göstəriş versə, gedib torpaqlarımızı işğaldan azad edəcəyik.

APARICI: Laçın-Şuşa dəhlizi tutulandan sonra hər qarışı təhlükəli olan Qubadlı yolunun qorunmasının böyük əhəmiyyəti vardı. Lakin burada da döyüşlər ara vermirdi. Qayğı qəsəbəsinə intensiv hücum edən erməni birləşmələrinin qarşısını almalı olan hərbi hissələr texnikanı da götürüb mövqeləri tərk edir, bunu komandanlığın, müdafiə naziri Rəhim Qazıyevin əmri ilə etdiklərini bildirirdilər. Hərbi hissələri döyüş mövqelərindən uzaqlaşdırmağın məqsədi də sonralar aydınlaşdı. Artıq mayın 14-ü idi. Ölkəmiz Laçın qayğısı, Laçın yanğısı ilə yaşayırdı. Ayaz Mütəllibov hakimiyyətə yenidən yiyələnmək ehtirası, Ali Sovetin 14 may sessiyasında baş verən hadisələr, onun bir günlük xəlifəliyi, ölkədəki özbaşınalıq ağır nəticə verdi. Mütəllibovun yenidən hakimiyyətə gətirilməsinin labüdlüyünü xalqa çatdırmaq istəyən Moskva Şuşanın erməni işğalından geri alınması ilə öz vassalına siyasi xalq qazandırmaq istəyirdi. Amma Mütəllibov kimi, özləri də hakimiyyət hərisi olan Xalq Cəbhəsi-Müsavat cütlüyü bu planı pozduğundan, nəinki Şuşa qaytarıldı, üstəlik, Laçının da düşmən əlinə keçmək təhlükəsi artdı.

MƏZAHİR QARAYEV: Mayın 8-də Ağcabədiyə gəlmişdim. Yolda eşitdim ki, Şuşa işğal olunubdur. Bizim avtobusa 3 qadın, iki cavan oğlan da mindi. Görkəmləri pis vəziyyətdə idi. Soruşduq, onlar dedilər ki, Şuşa işğal edilibdir. Biz buna inanmadıq. Az qaldı ki, bu sözü deyənlə dalaşım. Dedim, o hərbi sursat, Rəhim Qazıyev orada ola-ola, necə oldu ki, Şuşa işğal edildi? Ayın 10-da geri qayıtdım. Orada, yolda Turşsu bulağı var, su içməyə düşdüm. Gördüm ki, əsgərlər Şuşadan aşağı axışırlar. Onların qabağına çıxdım, əlllərində silah-sursat vardı. Soruşdum ki, hara gedirsiz, dedilər ki, Şuşa işğal olunubdur, biz mövqelərimizi tərk edirik.

Mən oradan Laçına getdim. Çatanda gördüm ki, ermənilər oranı da atəşə tuturlar. Kəndimizə çatdım. Yenidən Laçına qayıtdım. Onda qaçhaqaç başlanmışdı. Xalq Cəbhəsinin adamları əvvəlcə maşınları əhaliyə pulsuz verirdilər. Sonra isə maşınların haqqını onlardan ikiqat, üçqat alırdılar. Camaatı vahiməyə salmışdılar. Laçın xəyanətin qurbanı oldu, hərə özünə bir hərbi dəstə yaratmışdı. Hərənin öz tərəfdarları vardı.

Ayaz Mütəllibov qoşunu Bakıya ona görə çağırdı ki, prezident seçilsin. Ona görə də Şuşanı boşaltdılar. Şuşa işğal edildikdən sonra Laçın bir tərəfdən müdafiəsiz qaldı. Bunun əsas günahkarı Əbdürrəhman Vəzirov idi. Ermənistandan gələn qaçqınları Dağlıq Qarabağda yerləşdirsəydi, belə vəziyyət yaranmazdı, bu hadisələr olmazdı. Qaçqınlar Bakıya, ora-bura gətirildi. Qoşun rayonları tərk etdi. Nəticədə belə vəziyyət yarandı.

Nə qədər ki, ordu yox idi, bizim camaat ov tüfəngləri ilə, başqa vasitələrlə özünü müdafiə edirdi. Sonra ov tüfənglərini də yığdılar. Hamı əliyalın qaldı. Biz orduya arxayın idik. Ordu çıxandan sonra pis vəziyyətdə qaldıq.

KƏRƏM CABBAROV: Laçın uzun illər düşmənlərimizin “Qara qapı” adlandırdıqları mühüm strateji məkan idi. Ermənilər həmişə çalışıblar ki, Azərbaycana zərbə vurmaq üçün ilk nörbədə Laçını ələ keçirsinlər. Amma heç vaxt buna nail ola bilmirdilər. XX əsrin əvvəllərində bir dəfə buna cəhd etdilər. Ancaq Sultan bəy, Xosrov bəy qardaşları onlara imkan vermədilər.

Zabux dərəsində, başqa yerlərdə onları tərksilah etdilər. Ermənilərin niyyətləri baş tutmadı. Qeyrətli Xosrov bəy, Sultan bəy buna imkan vermədi. Onlar qeyrətlə döyüşdülər.

1990-cı illərdə Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanda hakimiyyət uğrunda mübarizə getdi. Bundan ustalıqla istifadə edən ermənilər içərimizdəki xainləri tapıb, Laçını əlimizdən aldılar. Torpaqlarımızın 20 faizi işğal olundu. Çox təəssüflər olsun ki, bu gün Laçınsız yaşayırıq. Amma Laçın işğal edilməyə bilərdi. Laçın xəyanətin qurbanı oldu. Xəyanətkarların adları çəkilməlidir. Bu satqınların, xəyanətkarların istintaqının başa çatmaması bizi çox narahat edir. O vaxt hakimiyyətə gəlmək istəyən Ayaz Mütəllibov ilə Xalq Cəbhəsi arasında hakimiyyət, vəzifə uğrunda didişmələr, mübarizə nəticəsində Laçın da, Şuşa da işğal olundu. Halbuki Laçını, Şuşanı işğal etmək mümkün deyildi. Müdafiə naziri xain Rəhim Qazıyev insanları aldadaraq deyirdi ki, ermənilər Şuşanı alsalar başıma güllə çaxacağam. Onun başına vurulmalı gülləyə də mənim hayıfım gəlir. O, alçaq, iyrənc cinayətkardır.

RÜSTƏM HƏSƏNOV: May ayının 8-i idi. Laçının Cağazur kəndi ermənilərin hücumuna məruz qalmışdı. Bizi çağırdılar, həmin kəndi müdafiə etməyə getdik. Mayın 9-na keçən gecə ermənilərin oradan necə qaçdıqlarının şahidi olduq. Hamısı qaçırdı. Lakin mayın 9-da Şuşanın işğal olunması haqqında xəbər verdilər. Bundan sonra təkcə Laçının yox, Dağlıq Qarabağın süqutu başlandı. Şuşanın verilməsi o demək idi ki, ermənilərə qapı açıldı.

APARICI: Tarixin yaddaşından daha bir səhifə... Laçının işğalına üç gün qalmış rayona maşın karvanı gəldi. Əhalinin kütləvi köçürülməsi başlandı. Xalq Cəbhəsinin bu müəmmalı hərəkəti onunla nəticələndi ki, torpaqlar boşaldıldı, müdafiəsiz qaldı. Laçın işğal olundu.

ELÇİN İSGƏNDƏROV: 1992-ci il mayın 17-nə qədər, Laçının işğalı ərəfəsində rayon mərkəzi xəstəxanasının baş həkimi kimi fəaliyyət göstərmişəm. Həmin dövrlərdə gedən proseslər gözümün qarşısındadır. O hadisələrin şahidiyəm. Dağlıq Qarabağ hadisələri ilə əlaqədar sərhəd kəndlərində ağır vəziyyət yaranmışdı. Sərhəd kəndləri erməni hərbi birləşmələri tərəfindən atəşə tutulurdu. Ermənilərin terror dəstələri meşələrlə Şuşa istiqamətində hərəkət edirdilər. Artıq ermənilər açıq müharibəyə başlamışdılar. O vaxt Vəzirov, Ayaz Mütəllibov kimi adamlar sərhəd rayonları əhalisinin vəziyyəti ilə lazımi səviyyədə maraqlanmır, sərhəd kəndlərinin, rayonlarının müdafiəsi üçün tədbirlər görmürdülər.

Bundan əlavə, rayona gələn adamlar – Arif Hacıyev, Etibar Məmmədov, Tahir Əliyev və başqaları əhaliyə lazımi kömək etmək əvəzinə, vəzifə kürsüsü tutmaq üçün müəyyən işlərlə məşğul olurdular. Bu da yerli əhalinin vəziyyətinə təsir edirdi. Əhali arasında müəyyən inamsızlıq yaranırdı.

VAQİF HÜMBƏTOV: O dövrdə Etibar Məmmədovun, Rəhim Qazıyevin, Ayaz Mütəllibovun hərəsinin ayrı-ayrı silahlı dəstəsi olduğuna, vəzifə uğurda mübarizə apardıqlarına görə öz silahlı dəstələrini Laçından çıxardılar. Əliyalın xalqı, - demək olar ki, quş tüfənglərini də yığmışdılar, - aldatdılar ki, buradan müvəqqəti olaraq çıxırsınız, burada ağır döyüşlər gedəcək, sonra öz yerinizə-yurdunuza qayıdacaqsınız. Buna görə əhalidə Laçının müdafiə olunmasına laqeydlik, inamsızlıq yarandı. Silaha sarılıb orada döyüşməli olan cavanlar da Laçından çıxarıldı. Neçə rayonun avtobazalarının maşınları Laçına göndərilmişdi ki, əhalini oradan köçürsün. Deməli, bunların hamısı qabaqcadan qurulmuş işlər idi ki, Laçın düşmənə təhvil verilsin. O günahkarlar cəzalandırılmır, yaramızın qaysağı ildən-ilə qoparılır, təzələnir. Amma çox yaxşı olardı ki, Laçının, Şuşanın düşmənə təhvil verilməsində günahkar olan şəxslər cəzalandırılsın. Camaat da, heç olmasa, bundan təskinlik tapsın.

MALİK MİRZƏYEV: O vaxt Laçın xəyanətin qurbanı oldu. Laçın öz əhalisinin ümüdünə qalsaydı, - 1982-ci ildən 1992-ci ilə qədər o torpaqları camaat özü qoruyub saxlayırdı, - rayonumuz işğal edilməzdi.

Bir fakt demək istəyirəm. 1992-ci il aprelin 30-da Laçın batalyonu Elbrus Orucovun briqadasına birləşdirildi. Həmin briqada Laçını yaddan çıxarıb öz işləri ilə məşğul idi. O vaxtki nazirlər də, digərləri də yalnız yüksək vəzifə tutmaq uğrunda mübarizə aparırdılar.

1992-ci il mayın 14-də Şahin Musayev başda olmaqla Laçındakı bütün hərbçilər, - Etibar Məmmədovun, Ayaz Mütəllibovun da ayrıca dəstələri var idi, - Bakıya qayıtdılar. Laçın boş qalmışdı. Burada vuruşan yalnız rayonun öz əhalisi, kəndlərin sakinləri idi. Rayonu qoyub Bakıya gedənlərə Laçının müdafiə olunması sərf etmirdi. Onlar vəzifə iddiasında idilər. Laçının, onun kəndlərinin düşmənə verilməsi xəyanətin nəticəsi idi.

FƏTTAH SƏMƏDOV: Laçından iki dəfə didərgin düşmüşəm. Bir dəfə 1992-ci ilin may ayında Kəlbəcər rayonuna pənah aparmışam. Sonra qayıdıb rayon işğal olunana qədər, yəni 11 ay öz kəndimizdə qalmışam. Laçının da, Kəlbəcərin də işğal olunmasının şahidiyəm.

1990-cı ildən sonra Azərbaycan Respublikası rəhbərlərinin səriştəsizliyi ucbatından Laçın əhalisi rayonun müdafiə olunmasından kənarlaşdırıldı. Hətta rayonun polis batolyonu da bu işdən təcrid edildi. Respublikanın başqa yerlərindən iki dəstə - Ayaz Mütəllibovun, bir də İsa Qəmbərin silahlı dəstələri guya Laçını müdafiə etməyə gəldilər. Lakin, 1992-ci ildə respublikada hakimiyyət uğrunda mübarizə aparanlar, bu dəstələrə rəhbərlik edənlər öz adamlarını Bakıya apardılar. Ermənilərlə döyüşmək, Laçını müdafiə etmək əvəzinə, rayon mərkəzinin küçələrində biri digərinə qarşı çıxırdı. Ayaz Mütəllibov yenidən vəzifə kürsüsünə sahib olmağa, İsa Qəmbər isə rəhbərliyə gəlməyə can atırdı.

Vətəni qorumaq əvəzinə, onlar hər şeyi unudub, Bakıda hakimiyyət mübarizəsinə başladılar. Ona görə də Laçın tamamilə müdafiəsiz qaldı. Laçın yolu açıq qaldı, ermənilərin ixtiyarına verildi. Dağlıq Qarabağ ilə Ermənistan arasında birbaşa əlaqə yarandı. Ermənilər həm iqtisadi, həm də hərbi sahədə gücləndilər. Laçının ağır günləri bundan sonra başladı. Mən də Kəlbəcərə üz tutdum. Yolda əlimdəki radionu işə saldım, Xalq Cəbhəsi və Müsavatın birgə keçirdikləri tədbir haqqında xəbəri dinlədim. Kəlbəcərdən İsa Qəmbərə teleqram vurdum ki, axı, biz nə üçün doğma torpaqlarımızı tərk edirik. Bizə köməyə gəlin, vəziyyətimizdən xəbəriniz olsun, Vətən əldən gedir. İsa Qəmbərdən cavab almadım.

ƏMİRXAN ZEYNALOV: Şuşanın işğalı günü, ayın 8-də gecə Laçında olmuşam. Əliyalın camaat oradan gələndə soruşduq ki, hara gedirsiniz, dedilər, Şuşanı ermənilər aldılar. Biz buna inanmırdıq. Ona görə inanmırdıq ki, Şuşa da, Laçın da alınmaz qala idi. Şuşa boşaldılandan sonra Laçın mühasirədə qaldı. Laçınlılar qeyrətli camaat idi, mərd, döyüşgən idilər. Çoxlu şəhid vermişdilər. Amma bir həqiqət var ki, ordunun, dövlətin başçısı olmalıdır. Mülki adamlar torpağı təkbaşına müdafiə edə bilməzdilər. Bizim ov tüfənglərimizi əvvəlcədən yığmışdılar. Bu, mənim gözlərim qarşısında olmuşdur. Əhalini əliyalın qoymuşdular. Deyirdilər ki, qorxmayın. Məqsəd nə idi? Onların əsas məqsədləri hakimiyyətə gəlmək, kimisə hakimiyyətdən uzaqlaşdırmaq və xalqı bu niyyətlərinə qurban vermək idi. Hakimiyyətə gəlmək üçün xalqını torpağı ilə birlikdə qəddar düşmənimizə satanlara həmişə nifrət etmişəm. Belələrini nə Allah bağışlayar, nə xalq. Onlar Allahın da, xalqın da cəzasına hökmən çatacaqlar.

Laçını, Şuşanı, Kəlbəcəri düşmənə təhvil verən isa qəmbərlər görəsən indi nə istəyirlər? Xalqı meydanlara çıxarıb, onlara yalan vədlər verməklə, ələbaxım öyrətməklə nə qazanacaqlar? İnanıram ki, heç nəyə nail ola bilməyəcəklər. Belə hərəkətlərlə onlar xalqımıza yalnız ziyan gətirəcəklər.

Mən üzümü insan hüquq və azadlıqlarını qoruyan təşkilatlara tuturam. Çöllərə səpələnmiş qaçqınların hüquqlarının pozulduğunu məgər siz görmürsünüz? Şuşanı təhvil verən, “Şuşa əldən getsə başıma güllə çaxaram” deyən Rəhim Qazıyevin azad olunmasını tələb edirsiniz. Bəs biz kimik? Bizim hüquqlarımız tapdanmayıbmı? Palçığın içərisində yaşayıb, əzab-əziyyət çəkməyimizdə onlar günahkar deyillərmi? Onların cəzasını vermək və onları yerində oturtmaq lazımdır.

QOCA MUSAYEV: Laçın, sözün əsl mənasında laçın idi. Yeri-yurdu da, adamları da laçın idi. Bizi köçürdülər. Torpaqlarımızı işğal etdilər. Köhnə rəhbərlik, satqınlar bizi köçürdülər. İsa Qəmbər, Etibar Məmmədov bu cinayətin səbəbkarlarıdır. Biz köçmək istəmirdik. Ağsaqqlar da bizə demişdilər ki, möhkəm dayanın. Etibar isə deyirdi ki, ermənilər Laçını Xocalıya döndərəcəklər. Arvad-uşağınızı əsir edəcəklər. Laçından çıxın. Biz 23-24 avtobusla Göyçaya gəldik.

Laçın işğal olunarkən doğma torpaqlarından didərgin düşmüş rayon sakinlərinin Azərbaycan televiziyasına verdikləri müsahibələr.

- Laçın o vaxtki səriştəsiz, başabəla rəhbərlərin qurbanı oldu.

Onlar Laçını müdafiə etmək əvəzinə, başqa işlərlə, alverlə məşğul oldular. Mən qətiyyətlə deyirəm ki, Rəhim Qazıyev, Etibar Məmmədov və bir çox başqaları Laçının işğal olunmasında bilavasitə günahkardırlar.

NİZAMİ RZAYEV: Mən bir neçə sənəd gətirmişəm, bunlar haqqında danışmaq istəyirəm. Əhalini zorla köçürmək üçün mayin 9-dan respublikanın bir çox rayonlarından Laçına maşın karvanları gəlirdi. Xalq Cəbhəsi rayon təşkilatının sədri Zakir Cabbarov bütün maşınların yol vərəqələrinə möhür vururdu. Soruşdum ki, Zakir müəllim, sənədə möhürü siz niyə vurursunuz, axı, bu, rayonun rəhbərliyi, hüquq-mühafizə orqanları var. Əhalinin köçürülməsi kimi mühüm bir işlə onlar məşğul olmalıdırlar. Laçın faciəsinin bünövrəsi əhalini zorla köçürmək üçün həmin maşınları rayona göndərməklə qoyuldu. Bu əməllərin hamısında Azərbaycan Xalq Cəbhəsi rəhbərliyinin “böyük xidmətləri” vardır.

Təsəvvür edin, mayın 9-da bunlar Laçına gəliblər, əhalinin köçürülməsini təşkil ediblər. AXC Laçın rayon şöbəsinin sədri Zakir Cabbarov yol sənədlərinə möhür vurmaqla əhalinin zorla köçürülməsini təşkil edibdir. Bir gün ondan əvvəl şəhid olmuş Qaçay dayının, Seyfəlinin, Şahinin, Ramizin, Mehmanın cənazələri torpağa tapşırılır. Qrad mərmiləri “yağışı”nın altında, 5-10 Laçınlının müşayəti ilə dəfn edilməyə aparılır. Onda bu adamlar harada idilər. Yəqin deyəcəksiniz ki, xalq adından danışan bu “fədailər”, yəqin ki, xalqın içərisində idilər. Xeyr. Təsəvvür edin ki, həmin vaxt onlar Laçın şəhərindəki qəbristanlıqdan 35-40 metr aralı, bir evdə oturaraq, kef məclisi qurublar, yeyib-içməklə məşğul olublar. Onların əqidəsi, siması budur.

Laçın işğal olunarkən doğma torpaqlarından didərgin düşmüş rayon sakinlərinin o vaxt Azərbaycan televiziyasına verdiklərini müsahibələrdən:

-Laçın o vaxtki səriştəsiz, başabəla rəhbərlərin qurbanı oldu. Onlar Laçını müdafiə etmək əvəzinə, başqa işlərlə, alverlə məşğul oldular. Mən qətiyyətlə deyirəm ki, Rəhim Qazıyev, Etibar Məmmədov və bir çox başqaları Laçının işğal olunmasında bilavasitə günahkardırlar.

-Bizə deyirdilər ki, bu maşınları Bakıdakılar göndəriblər. Onda Bakıda hakimiyyətdə Yaqub Məmmədov idi.

Bizim kənd Ermənistanla sərhəddə yerləşir. Qəflətən gördük ki, Bakıdan maşın gəlib. Dedik ki, maşını bizə verin ailəmizi, uşaqlarımızı çıxaraq, çıxartdıq. Amma mal-qaramız, nəyimiz vardısa qaldı.

-Ermənilər qonşu kəndi yandıranda gecə saat on bir idi. Biz kənddən çıxdıq. Hərəyə ancaq bir yorğan götürə bildik. Zülmət gecə idi. Kənddən bir kilometr aralandıq. Gecəni yolda qaldıq. Ermənilər bir çox kəndləri odlamışdılar. Mayın 24-ü idi. Ermənilərə müqavimət göstərən olmadı.

-Arif Paşayev demişdi ki, siz mənə səs verməmisiniz. Sizi ermənilərə qırdıracağıq. Dediyi kimi də elədi.

NİZAMİ RZAYEV: Laçın köhnə iqtidarda olan, vəzifə uğrunda mübarizə aparan Ayaz Mütəllibovun komandası ilə Xalq Cəbhəsi arasında mübarizənin qurbanı oldu. Qoşunu Laçından apardılar. Bu səbəbə görə Şuşa və Laçın işğal olundu.

O vaxt Azərbaycanda gedən proseslər, bir çox adamların cinayətkar fəaliyyətləri barədə təhqiqatlar aparılıbdır. Onların mühakiməsi olubdur. Amma Laçını düşmənə təhfil verənlərin çoxu hələ də azadlıqdadır, at oynadır. Bizim tələbimiz odur ki, onlar cəzalandırılsınlar. Laçın kimi bir qalanı, Azərbaycanın qartal yuvasını düşmənə təhvil verəndən sonra Qarabağ rayonlarını saxlamaq olmazdı. Laçın və Şuşa qəsdən düşmənə verildi ki, Xalq Cəbhəsi hakimiyyətə gəlsin.

 

Hakimiyyətə gəldi, onun yarıtmaz fəaliyyətini də gördük. AXC səriştəsiz adamları rəhbərliyə gətirdi, ölkəni dağıtdı, viran qoydu.

APARICI: Erməni faşistləri mayın 18-də yiyəsiz, müdafiəsiz qalmış Laçını işğal etdilər. Düşmən tapdağı altında qalan Laçın dağları qan ağlayırdı. Cəbhəçi bəylər isə Şuşadan, Laçından çəkib gətirdikləri qoşunun, silahların köməyi ilə Bakıda hakimiyyəti ələ keçirmək, qamarlamaq iddialarını reallaşdırdılar. Bir neçə gün əvvəl Ali Sovetdə mütəllibovçuların yaratdıqları məzhəkəni indi cəbhəçi bəylər yeni quruluşda oynayırdılar. Nəyin bahasına olursa-olsun, İsa Qəmbəri Ali Sovetə sədr seçmək, törətdikləri cinayətləri ört-basdır etmək, çoxdan arzusunda olduqları hakimiyyətdən bəhrələnmək, yararlanmaq üçün dəridən-qabıqdan çıxırdılar.

Silah gücünə, zorla, hədə ilə deputatları Ali Sovetə yığıb İsa Qəmbərin namizədliyinə səs verməyə məcbur edirdilər. Tez-tez də qürrələnərək həyasızcasına söyləyirdilər ki, respublikada yeganə real güc mərkəzi Xalq Cəbhəsidir. Ona görə də hakimiyyət onlara verilməlidir.

Bu gün özünü ağsaqqal adlandırıb ortaya düşən Mürşüd Məmmədovun, Hacıbaba Əzimovun, Tofiq Qasımovun sessiyadakı üzdəniraq, məntiqsiz çıxışları nəinki ziyalıya, adi vətəndaşa belə yaraşmazdı. Bu, siyasi həyasızlıqdan başqa bir şey deyildi. Amma siyasi həyasızlığın fövqündə hakimiyyət hərisi, adı qanlı yanvar, Xocalı, Şuşa, Laçın faciələri ilə paralel çəkilən İsa Qəmbər, Arif Hacıyev, Etibar Məmmədov və neçə-neçə başqa cəbhəçi bəylər dururdu.

Arif Hacıyev utanmaz-utanmaz sessiyada deputatlara təzyiq göstərirdi ki, yalnız İsa Qəmbərə səs verməlisiniz. Çünki xarici dövlətlərin razılığını almışıq.

Hakimiyyətə hətta qoltuqlarda gəlməkləri ilə öyünən, bunu özlərinə ar bilməyən cəbhəçi bəylərə nə deyəsən.

ARİF HACIYEV (Ali Sovetin 1992-ci il may sessiyasındakı çıxışından): Yəqin ki, burada olan bəzi deputatlar ucqar rayonlardan, yerlərdən gələnlər Bakıda olan vəziyyəti başa düşmür, anlamırlar. Bakıda çevrilişə qarşı inqilab olubdur. Azərbaycanın idarəçiliyi, demək olar ki, Xalq Cəbhəsinin əlindədir. Biz qəti addımımızı atmışıq və sona kimi gedəcəyik. Bu məsələ respublikanın rəhbərliyi ilə də, müxtəlif qüvvələrlə də razılaşdırılıb, danışılıb. Xarici dövlətlərlə də danışılıb. Xarici dövlətlərin bu məsələ həll olunduqdan sonra Qarabağ probleminin həlli ilə əlaqədar dərhal atacağı addımlar da razılaşdırılıbdır. Xalq Cəbhəsi 3 min nəfər hazırlayıbdır ki, təcili olaraq Rəhim Qazıyevə kömək etsin. Müdafiə Nazirliyində də hamının bu məsələdən xəbəri var, ona görə də reallıq hissini itirmək lazım deyildir. Mən xahiş edirəm ki, bu məsələni sabaha, o birisi günə saxlamaq söhbəti olmasın. Bu məsələnin uzadılması ilə əlaqədar bayırda çox böyük narazılıq var. Mən bunu sizə deyirəm. Xahiş edirəm, məsələni bu gün qurtaraq.

 

APARICI: Sessiyada təklif olunanda ki, Ali Sovetin sədri vəzifəsinə ən layiqli namizəd Heydər Əliyevdir, gəlin, onun da namizədliyini səsə qoyaq, cəbhəçi bəylər nəyə əl atmadılar. Hiyləgərliyə, həyasızlığa, haray-həşirə. Gah dedilər ki, Heydər Əliyevin özünün razılığı yoxdur, gah dedilər ki, zəng edirik, yerində tapa bilmirik. Gah da açıq-aydın, həyasızcasına İsa Qəmbəri alternativsiz, zorla Ali Sovetə sədr seçmək arzularını gizlətmirdilər.

Bu gün haqdan, ədalətdən, demokratiyadan, hüquqdan, azad seçkilərdən danışan bu üzdəniraqların fitnə-fəsadla, cinayətlə olan həyatlarının bircə bu anlarına diqqət yetirmək kifayətdir ki, onların sağlam, demokratik düşüncədən, vətəndaş mövqeyindən, Vətən, torpaq yanğısından nə qədər uzaq olduqlarının şahidi olasan.

İsa Qəmbərov, Etibar Məmmədov, Arif Hacıyev, Pənah Hüseynov - ən yaxın tariximizin hər ili, hər ayı sizi lənətləyir. Tariximizin qanlı-qara səhifələrindən biri Laçının işğal günüdür. Məhz həmin gün millətimiz torpaq, Vətən sevgisi ilə ayağa qalxdığı bir vaxtda, İsa Qəmbərov min bir fitnə-fəsadla, öz dilləri ilə desək, tank üstündə hakimiyyətə gəldi. Laçını verən “bəylər” hakimiyyət qazandılar. Azərbaycanın daha məşəqqətli günləri başladı.

18 may 1992-ci il. Həmin gün Laçının tarixinə ən faciəli səhifələr yazıldı. Sultan bəyin at oynadıb, dövran sürdüyü dağlar tacı Laçın düşmən tərəfindən işğal edildi. Bu diyarın dərdi böyük, itkisi ağır oldu. Məhz elə həmin vaxtdan erməni qəsbkarları torpaqlarımızı hissə-hissə işğal etməkdən çəkinmədilər. Düşmən üstümüzə ayaq aldı.

Torpaqlarımızın bütövlüyü uğrunda vuruşan laçınlıların erməni silahlı qüvvələri ilə qeyri-bərabər döyüşlərdə itkiləri də az olmamışdır. İndi müqəddəs Şəhidlər xiyabanında neçə-neçə qəhrəman uyuyur. Vətən, Torpaq qeyrətli, doğma el-obalarından uzaqlarda məskunlaşmış laçınlılar Laçının işğalı günü bu müqəddəs ziyarətgaha gəlir, şəhid oğulların xatirəsini hörmətlə, məhəbbətlə yad edirlər.

Laçının işğal edilməsinin anma gününü keçirən laçınlılar bu dəfə də şəhidlərin xatirəsinə ucaldılan abidənin önünə rayon sakinləri adından təzə tər-çiçəklərdən hörülmüş əklil qoydular. Sonra isə şəhidlərin xatirəsinə dua oxundu.

Mərasim iştirakçıları inam hissi ilə bildirdilər ki, Azərbaycanımız uğrunda axıdılan qanlar yerdə qalmayacaq, düşmən əsarətinə düşən torpaqlarımız azad ediləcəkdir. Laçında, Qarabağda, bütövlükdə Azərbaycanımızın hər guşəsində qələbə bayrağı dalğalanacaqdır.

Bu gün də o ulu dağlar azadlıq həsrəti ilə üzü bəri boylana-boylana qalıbdır. Torpaq həsrəti ilə qovrulan laçınlılar isə sabaha ümidlərini itirmirlər. Biz bu dağları, bu elləri erməni əsirliyindən qaytaracağıq. Mütləq qaytaracağıq!

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.