Azərbaycanlı idmançılar Batumidə "Grand Bellagio Championship" beynəlxalq turnirində mübarizə aparacaqlar
Tbilisi, 14 fevral, AZƏRTAC
Fevralın 14-də Gürcüstanın Batumi şəhərində "Grand Bellagio Championship" beynəlxalq turniri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, turnir çərçivəsində müxtəlif çəki dərəcələrində 10 döyüş keçiriləcək.
Azərbaycan, Gürcüstan, Özbəkistan, Portuqaliya, Türkiyə, İsrail, Braziliya, Qazaxıstan və İsveçdən olan idmançılar birincilik uğrunda mübarizə aparacaqlar.
Ənənəyə uyğun olaraq fevralın 13-də döyüşdən qabaq idmançılar arasında "face to face" mərasimi keçirilib.
Döyüş gecəsində Azərbaycanı və Gürcüstanı beynəlxalq arenalarda təmsil edən, kikboksinq üzrə 7 qat dünya və 3 qat Avropa çempionu Alim Nəbiyev braziliyalı rəqibi ilə qarşılaşacaq.
Alim Nəbiyev AZƏRTAC-a açıqlamasında deyib ki, bu turnir onun üçün xüsusi əhəmiyyət daşıyır və o, azarkeşlərin etimadını doğrultmağa çalışacaq.
Bundan başqa, turnirdə Azərbaycandan Elvin Kamilli və Tural Əsgərov mübarizə aparacaqlar.
Turniri izləmək və idmançılarımıza dəstək üçün Azərbaycandan bir çox tanınmış idmançı, məşqçi, eləcə də Azərbaycanın Gürcüstandakı diplomatları və icma nümayəndələri də Batumiyə gəliblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi