REGİONLAR


Ağdamda kənd təsərrüfatının inkişafı ilə bağlı qarşıda duran vəzifələr müzakirə edilib

Ağdam, 18 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən müşavirədə rayonda kənd təsərrüfatının inkişafı, torpaqlardan səmərəli istifadə olunması, pambıq yığımı mövsümünün başlanması ilə əlaqədar görüləcək işlər müzakirə olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, fermerlərin, kənd təsərrüfatı mütəxəssislərinin iştirak etdiyi müşavirədə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov ölkəmizdə kənd təsərrüfatının inkişafına göstərilən dövlət qayğısından, rayonda aqrar sahənin inkişafını təmin etmək üçün qarşıda duran vəzifələrdən danışıb.

Rayon icra hakimiyyəti başçısının müavini Allahverən Əliyev çıxışında rayonda aqrar sahənin vəziyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, rayon iqtisadiyyatında əsas yer tutan kənd təsərrüfatının inkişafı 2018-ci ildə də davam edib. Bir sıra kənd təsərrüfatı məhsulları istehsalında artım qeydə alınıb. Kəndli fermerlər və torpaq mülkiyyətçiləri cari ildə 44 min 65 ton buğda, 7 min ton arpa, 5 min 923 ton kartof, 68 min 355 ton tərəvəz istehsal ediblər. Hazırda şəkər çuğunduru və tərəvəz istehsalı davam edir.

Diqqətə çatdırılıb ki, respublikamızın digər bölgələrində olduğu kimi, cəbhə bölgəsində yerləşən Ağdam rayonunda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində mühüm addımlar atılır. Uzun fasilədən sonra 2016-cı ildə ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın bərpa edilməsinə başlanılıb. Həmin il rayonda 2450 kiloqram, 2017-ci ildə 13 min 205 kiloqram, 2018-ci ildə isə 17 min 79 kiloqram barama istehsal olunub. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2017-ci illərdə rayon ərazisində 85 min ədəd tut tingi əkilib.

Pambıqçılığın inkişafı ilə bağlı görülən işlərdən danışılarkən bildirilib ki, bu il rayon ərazisində 3100 hektar sahədə çiyid səpilib. Aparılan düzgün aqrotexniki qulluq sayəsində tarlalarda bol məhsul yetişib. Hazırda becərmə işlərini başa çatdıran fermerlər məhsul yığımına hazırlaşırlar. Pambıq yığımına 10 kombayn, 35 traktor, 75 qoşqu, 4 yükləyici cəlb ediləcək.

Müşavirədə qeyd olunub ki, rayonun təbii su mənbələri işğal altında qaldığı üçün əkinlərin suvarma suyuna olan tələbatı subartezian quyuları vasitəsilə ödənilir. Rayonun 35,4 min hektar əkin sahəsi 843 ədəd subartezian quyusu, 4 nasos stansiyası, 11 kəhriz vasitəsilə suvarma suyu ilə təmin edilir. Rayon əhalisinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə hər il yeni subartezian quyuları qazılır.

Müşavirədə aidiyyəti qurumların rəhbərləri və fermerlər çıxış edərək, aqrar sahənin inkişafından və bəzi problemlərdən söz açıb, fikir və təkliflərini bildiriblər. Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov kənd təsərrüfatının inkişafı, qarşıya çıxan çətinliklərin aradan qaldırılması ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.