Balakəndə Ulu Öndər Heydər Əliyevə sevgi və ehtiram daim sonsuz olub
Balakən, 10 may, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Balakən rayonunda silsilə tədbirlər keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mayın 10-da rayon icra hakimiyyətinin başçısı və əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Balakən şəhərində ucalan abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yeni açılan ictimai iaşə obyektinə, robotexnika sərgisinə və rayon sakinləri, şahmatsevərlər üçün yeni yaradılan açıq havada şahmat meydançasına baxış keçirilib.
Rayon ağsaqqalı Mədət Bağırov, Milli Məclisin deputatı Nəsib Məhəməliyev çıxış edərək, Ümummilli Liderin siyasi fəaliyyətindən, Azərbaycan xalqı və dövləti üçün gördüyü misilsiz işlərdən, dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən davam etdirilməsindən danışıblar.
Eyni zamanda Heydər Əliyev adına mədəniyyət və istirahət parkında geniş və maraqlı konsert proqramı təşkil olunub. Konsertdə yerli incəsənət ustaları tərəfindən Ümummilli Lider Heydər Əliyevə və müstəqil Azərbaycana həsr olunmuş vətənpərvər ruhlu musiqi nömrələri ifa olunub.
Müxbir - Rasim İslamoğlu