REGİONLAR
Astarada milli maraqların müdafiəsi mövzusunda yekun tədbir keçirilib
Astara, 22 noyabr, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən sentyabrın 1-dən icrasına başlanmış “Milli maraqların müdafiəsində sosial şəbəkələrin rolunun artırılması” layihəsi çərçivəsində yekun tədbir Astarada keçirilib. Astara Rayon Mərkəzi Kitabxanasında keçirilən seminarda Rayon İcra Hakimiyyətinin məsul işçisi, fəal gənclər, gənc müəllimlər, Astara Pedaqoji Kollecinin tələbələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Astara Rayon İcra Hakimiyyətinin məsul işçisi Tural Eyvazov müzakirə edilən mövzunun aktuallığını qeyd edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən Astara rayonunda həyata keçirilən genişmiqyaslı layihələr barədə danışıb.
“Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Mehman Əliyev donor təşkilat - QHT Şurası və sədri olduğu təşkilatın fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verərək layihə çərçivəsində bundan əvvəl cənub bölgəsinin yeddi rayonunda tədbirlərin keçirildiyini bildirib.
O, çıxışında həmçinin, layihənin əsas məqsədinin sosial şəbəkələrin imkanlarından istifadə edərək milli maraqların müdafiə olunmasında hər bir kəsi fəal iştirak etməyə təşviq etmək olduğunu diqqətə çatdırıb.
Layihə eksperti, Elbəy Fətəliyev sosial şəbəkələr və vətəndaş cəmiyyəti, sosial şəbəkələrdən istifadənin müsbət və mənfi tərəfləri, milli maraqlarımıza zidd və dini radikalizmi təbliğ edən sosial şəbəkə istifadəçilərinə qarşı mübarizə tədbirləri, eləcə də milli maraqlarımızın müdafiə olunmasında sosial şəbəkələrin imkanları və təsiri haqqında iştirakçıları ətraflı məlumatlandırıb.
Çıxış edənlər milli maraqların müdafiə olunmasında gənclərin üzərinə daha böyük vəzifələrin düşdüyünü, eləcə də sosial şəbəkələr üzərindən müstəqil və qüdrətli dövlətimizin maraqları naminə anti-Azərbaycan çağırışları edən radikal qüvvələrə qarşı mübarizə aparmağın olduqca əhəmiyyətli olduğunu vurğulayaraq fəaliyyət göstərdikləri və təhsil aldığı müəssisələrdə bu istiqamətdə təbliğat işləri aparacaqlarını bildiriblər.
Qeyd edək ki, layihə ümumilikdə cənub zonası üzrə 8 rayonu - Biləsuvar, Lənkəran, Lerik, Cəlilabad, Salyan, Masallı, Yardımlı, Astara rayonlarını əhatə edib.