İDMAN


Avropa Gənclər Yay Olimpiya Festivalının atletika yarışlarında Azərbaycanı təmsil edəcək idmançılar müəyyənləşib

Bakı, 5 iyul, AZƏRTAC

İyulun 21-dən 28-dək Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalının atletika yarışlarında Azərbaycanı təmsil edəcək idmançılar müəyyənləşib.

Azərbaycan Atletika Federasiyasının baş katibinin müavini və Avropa Gənclər Yay Olimpiya Festivalında atletika yarışlarının meneceri Kənan Məhərrəmov AZƏRTAC-a bildirib ki, ölkəmiz atletika yarışlarında 18 idmançı ilə təmsil olunacaq. Azərbaycan atletləri qaçışın altı (100 m sədlərlə qaçış, 100 m, 200 m, 400 m, 800 m və estafet), tullanmanın üç (üçtəkanla, uzunluğa və hündürlüyə) növü, eləcə də lövhəatma və nüvəitələmə yarışlarında mübarizə aparacaqlar.

Qaçış üzrə kişilərin yarışlarında Aleksey Ələkbərov (100 m, estafet), Əli Abdıyev (200 m, estafet), Teymur Salahzadə (400 m, estafet), Vahid Kərimov (800 m) və Əlhəm Nağıyev (estafet) starta çıxacaqlar. Qızlardan isə Ayana Seyuşeva (100 m sədlərlə qaçış) Fəxriyyə Tağızadə (100 m, estafet), Lamiyə Vəliyeva (200 m, estafet), Bibixanım Qəmbərova, Sabrina Zralova (hər ikisi estafet), Nika Məmmədova (400 m, estafet) və Günel Manafova (800 m) məharətlərini sınayacaqlar.

Tullanma növlərində oğlanlardan Çingiz İsrafilov (üçtəkanla tullanma), Aydın Bədəlov (hündürlüyə tullanma), Məmmədağa Məmmədov (uzunluğa tullanma) çıxış edəcəklər. Lövhəatma yarışında ölkəmizi Yusif Nəzərov təmsil edəcək.

Qızlar arasında keçiriləcək tullanma yarışlarında Sabrina Zralova (uzunluğa və üçtəkanla tullanma), Ləman Hüseynova (hündürlüyə tullanma), nüvəitələmədə isə Günel Hüseynova medallar uğrunda mübarizə aparacaqlar.

Avropa Gənclər Yay Olimpiya Festivalının atletika yarışları Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.