Baş katib: “AGF Trophy” turniri gənc gimnastlarımızın püxtələşməsi üçün vacibdir VİDEO
Bakı, 14 may, AZƏRTAC
“AGF Trophy” beynəlxalq turniri artıq ənənəvi xarakter alıb. Azərbaycan 2020-ci ildən etibarən idman gimnastikası üzrə bu yarışa ev sahibliyi edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə Bakıda bu gün start götürən idman gimnastikası üzrə “AGF Trophy” beynəlxalq turniri barədə danışarkən deyib.
O bildirib ki, 2016-cı ildən bəri Bakıda hər il Olimpiya növləri üzrə Dünya Kubokları təşkil olunur. Həmin yarışlarda əsasən böyüklər mübarizə aparsalar da, bu tip turnirlərin gənclər arasında keçirilməsi onların inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
“Gənc gimnastlarımız doğma divarlar arasında güclü rəqiblərlə qarşılaşaraq öz bacarıqlarını sınamaq imkanı əldə edirlər. Bu da onların gələcək mötəbər yarışlara daha yaxşı hazırlaşmasına kömək edir. Bu il gimnastlarımız həm Avropa, həm də dünya çempionatlarında çıxış edəcəklər. “AGF Trophy” kimi turnirlər isə onların təcrübə toplaması və püxtələşməsi üçün vacib rol oynayır. Belə yarışlar idmançılar üçün nöqsanlarını görmək, proqramlarını təhlil etmək və təkmilləşdirmək baxımından əhəmiyyətli fürsətdir”, – deyə N.Məmmədzadə vurğulayıb.
Qeyd edək ki, bu gün start götürən turnirə mayın 16-da yekun vurulacaq. Yarışda 5 ölkədən 50-yə yaxın gimnast bacarıqlarını nümayiş etdirir.