MƏDƏNİYYƏT
Bakıda “Zirvə” mükafatları təqdim edilmişdir
Bakı, 9 mart (AZƏRTAC). Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsis edilmiş illik “Zirvə” mükafatlarının təqdim edilməsi mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, “Zirvə” mükafatı il ərzində öz yaradıcılığında fərqlənmiş incəsənət xadimlərinə yeddi nominasiya üzrə təqdim edilir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mərasim iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək vurğulamışdır ki, keçən il ölkəmizin mədəni həyatında əlamətdar hadisələrlə zəngin olmuşdur. Son illərdə Azərbaycan mədəniyyəti, incəsənəti və musiqisinin inkişafı və təbliği üzrə aparılan iş barədə söhbət açan nazir qeyd etmişdir ki, Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliğinə böyük əhəmiyyət verir. Keçən il Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda bir sıra maraqlı layihələr həyata keçirilmişdir. Kinonun inkişafında yüksəliş müşahidə olunur, Azərbaycan filmləri 10 beynəlxalq kinofestivalda mükafatlara layiq görülmüş, ölkəmizin teatrlarının səhnələrində 100-ə yaxın yeni tamaşa qoyulmuş, çoxlu musiqi festivalları, sərgilər keçirilmişdir.
“Zirvə” mükafatları bu il artıq beşinci dəfədir ki, yeddi nominasiya üzrə təqdim edilir.
“Milli sərvət” nominasiyasında “Zirvə” mükafatına SSRİ Xalq Artisti Zeynəb Xanlarova Azərbaycan musiqi mədəniyyətində əvəzsiz xidmətlərinə görə layiq görülmüşdür.
Xalq Artisti Nodar Şaşıqoğlu teatr və kino sahəsində uzun illər ərzində səmərəli fəaliyyətinə görə “Azərbaycan mədəniyyətinə dəyərli töhfə” nominasiyasında mükafata layiq görülmüşdür.
Xalq Artisti, bəstəkar Firəngiz Əlizadə musiqi sahəsi üzrə, Xalq Artisti, kinorejissor Eldar Quliyev kino sahəsi üzrə mükafat almışlar.
“Buta” Kamera xoru 2011-ci ildə uğurlu debütünə görə “Debüt” nominasiyasında mükafata layiq görülmüşdür.
Teatr sahəsi üzrə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı Nikolay Qoqolun “Evlənmə” əsərinin tamaşasına görə mükafat almışdır.
Əməkdar İncəsənət Xadimi İbrahim Əhrari, Xalq Rəssamı Səlhab Məmmədov, Əməkdar İncəsənət Xadimi Akif Əsgərov, Əməkdar Rəssam Əli İbadullayev Berlindəki Qotfrid Bena kitabxanasına məxsus bağda Xocalı faciəsinə həsr olunmuş “Sülh, dostluq və demokratiya müharibə və zorakılığa qarşı” adlı heykəltəraşlıq kompozisiyasının ucaldılmasına görə təsviri sənət sahəsi üzrə “Zirvə” mükafatına layiq görülmüşlər.
Mükafatların təqdim edilməsi Azərbaycan incəsənət ustalarının çıxışları ilə müşayiət olunmuşdur.