SİYASƏT
Cəbhə bölgəsində sakinlərin əhval-ruhiyyəsi yüksəkdir - Ağdamın Xındırıstan kəndindən reportaj

















Ağdam, 5 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Ordusu qarşısında aciz qalan düşmən yaşayış məntəqələrimizi artilleriya atəşinə tutur. Nəticədə kənd və qəsəbələrdə sakinlərə məxsus yaşayış evlərinə, yardımçı binalara, təsərrüfatlara ciddi ziyan dəyir. Lakin düşmənin təxribatları cəbhəyanı kəndlərin sakinlərini qorxutmur. Yaşayış məntəqələrində həyat öz axarı ilə davam edir.
AZƏRTAC-ın cəbhə bölgə müxbiri xəbər verir ki, düşmənin hədəfə aldığı yaşayış məntəqələrindən biri də Ağdam rayonunun Xındırıstan kəndidir. Erməni faşistlərinin artilleriya atəşi nəticəsində kənddə sakinlərə məxsus 1 yaşayış evi dağılıb, 16 evə, yardımçı binalara, təsərrüfatlara ziyan dəyib. Lakin bunlara baxmayaraq, kənd əhalisinin əhval-ruhiyyəsi yüksəkdir. Sakinlər Azərbaycan Ordusuna güvənərək öz doğma kəndlərini tərk etmir, gündəlik işləri ilə məşğul olurlar.
Kənd sakini Taleh Allahverdiyev deyib: "Düşmən rayonun digər kəndləri kimi, bizim kəndimizi də atəşə tutur. Dünən atılan mərmilərdən biri də mənim evimi dağıdıb. Həyət-bacaya, meyvə ağaclarına ziyan dəyib. Ancaq buna baxmayaraq evimi, kəndimi tərk etməmişəm. Ordumuzun cəbhədəki uğurları bizi ruhlandırır. Əminik ki, tezliklə qələbə qazanacağıq".
Kəndin digər sakini Yafəs Eyvazov bildirib ki, düşmənin təxribatları, yaşayış məntəqələrini atəşə tutması onları ruhdan salmır. "Düşmənin kəndi artilleriya atəşinə tutması bizi narahat etmir. Görürsünüz, əkdiyim tərəvəzə qulluq edirəm. Tərəvəzin bəzilərini kənd atəşə tutulan vaxt əkmişəm. Kənddə hamı öz işindədir. Çünki ordumuza güvənirik”, - deyə o qeyd edib.
Xındırıstan kəndində əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Hazırda kənd sakinləri mal-qaranın qış mövsümü üçün yem təminatı ilə məşğuldurlar. Hüseynovlar ailəsinin də dolanışığı heyvandarlıqdan çıxır. Almaz Hüseynova ilə söhbət zamanı deyib ki, düşmənin məqsədi sakinləri qorxutmaq, ruh düşkünlüyü yaratmaqdır. Lakin buna nail ola bilməyəcək. Kənd hər gün artilleriya atəşinə məruz qalsa da, sakinlər evlərindədirlər. Hamıda yüksək əhval-ruhiyyə, qələbəyə böyük inam var.