CƏMİYYƏT
“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktiki konfrans keçirilib
Bakı, 10 aprel, AZƏRTAC
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Binəqədi rayonunda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktiki konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov və digərləri iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub. Sonra Ulu Öndərin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Elmin İmanov ümummilli lider Heydər Əliyev fenomeninin Azərbaycan xalqının dövlətçilik tarixində əbədi yer tutduğunu diqqətə çatdırıb. Bildirib ki, zamanın çətin sınaqlarından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin qurucusu olan Heydər Əliyevin əbədiyaşar ideyaları Azərbaycanın müasir ictimai-siyasi fikir tarixində özünəməxsus yer tutur.
Akademik Vaqif Abbasov Ümummilli Liderin dövlət və xalq qarşısında misilsiz xidmətlərindən danışıb, dahi şəxsiyyətin öz şəxsi nümunəsində vətənpərvərlik, xalqına sonsuz sədaqət və şərəfli xidmət hisslərini geniş təbliğ etdiyini vurğulayıb.
Rayon icra hakimiyyəti başçısının müavini Aygün Əliyeva diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası nəinki ölkə vətəndaşlarının, bütün dünyada yaşayan soydaşlarımızın ümummilli məsələlərdə bir araya gələrək vahid mövqe nümayiş etdirməsi üçün birləşdirici amildir.
Tədbirdə, həmçinin paytaxt üzrə keçiriləcək geniş elmi-praktiki konfransda iştirak hüququ qazanan məktəblilərə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının adından fəxri fərman və hədiyyələr təqdim olunub.
Bundan başqa, E.İmanova məktəblilər tərəfindən Qarabağın rəmzi olan Xarı bülbül hədiyə edilib.