REGİONLAR


“İpək Yolu” festivalı çərçivəsində bayan ifaçılarının konserti maraqla qarşılanıb

Şəki, 30 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Şəkidə davam edən “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyunun 30-da axşam saatlarında musiqisevərlərə Rusiyadan gəlmiş “Sib-Duo” bayan ifaçıları ansamblının konserti təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təbiət qoynunda füsunkar bir guşədə, Marxal gölünün ətrafında təşkil olunan konsertdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, musiqisevərlər, həmçinin “Marxal” istirahət kompleksində dincələn yerli və xarici qonaqlar iştirak ediblər.

Konsertin əvvəlində məlumat verilib ki, Rusiyanın uzaq Sibir bölgəsindən gəlmiş bayan ifaçıları Aleksandr Sirotkin və Andrey Bityutskix bir çox beynəlxalq müsabiqələrin laureatlarıdır. Xarakter cəhətdən tam fərqli olsalar da, onları birləşdirən musiqiyə məhəbbət və ifalarındakı yüksək peşəkarlıqdır. Yeni rənglər və musiqi çalarları, repertuarın genişləndirilməsi, parlaq musiqi obrazlarının yaradılması üçün axtarışlar bu ansamblın yaradıcı amalıdır. Ansamblın repertuarına dünya bəstəkarlarının əsərləri, xalq melodiyaları, rus klassik, müasir estrada və caz musiqisi daxildir. Ansambl rus xalq çalğı alətləri, simfonik orkestr, kamera instrumental tərkibli kollektivlər və solistlərlə əməkdaşlıq edir. Bu istedadlı, xarizmatik, enerjili və virtuoz musiqiçilərin hər bir konserti tamaşaçıların qəlbində səmimi heyranlıq tapır.

Bayan ifaçıları Aleksandr Sirotkin və Andrey Bityutskixin ifa etdikləri ruh oxşayan musiqi nömrələri musiqisevərlər tərəfindən böyük maraqla qarşılanıb.

Sonda təşkilatçılar adından musiqi qrupuna festivalın rəmzi simvolu təqdim olunub.

Festival çərçivəsində iyunun 30-da axşam “Marxal” istirahət kompleksinin Yay Teatrında Qazaxıstanın “Murager” mahnı və rəqs ansamblının konserti olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.