İDMAN
“LONGİNES” ŞİRKƏTİNİN AZƏRBAYCANDA RƏSMİ ELÇİSİ DİNARƏ GİMATOVA AVTOQRAF SESSİYASI TƏŞKİL ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Bakıda bədii gimnastika üzrə 23-cü Avropa çempionatının rəsmi tərəfdaşı “Longines” şirkəti iyulun 2-də mətbuat konfransı keçirmişdir.
Mətbuat konfransında “Longines” şirkətinin satış üzrə regional meneceri Kristof Janere Bakıda yenicə başa çatmış bədii gimnastika üzrə Avropa çempionatında əldə olunan uğurlardan danışmış, son illər Azərbaycan idmanında, xüsusilə bədii gimnastika sahəsində böyük nailiyyətlərin müşahidə edildiyini vurğulamışdır. Qonaq bütün idmançıları təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Bildirilmişdir ki, Beynəlxalq Gimnastika Federasiyasının rəsmi tərəfdaşı olan şirkət bu günə qədər çoxsaylı Qış və Yay Olimpiya Oyunlarında rəsmi xronometr qismində çıxış etmişdir. “Longines” 1989-cu ildən Beynəlxalq Gimnastika Federasiyası tərəfindən bütün yarışların rəsmi xronometri seçilmişdir.
Bakıda keçirilən bədii gimnastika üzrə 23-cü Avropa çempionatında “Longines” bir daha rəsmi xronometr, xal hesablayıcısı və rəsmi tərəfdaş kimi çıxış etmişdir.
İsveçrədən olan bu saat brendi Azərbaycan gimnastı Dinarə Gimatovanı ölkəmizdə özünün zəriflik elçisi seçmişdir. Dinarə Gimatova şirkətin elçisi kimi çıxış etməkdən məmnun olduğunu söyləmişdir. Yığma komandamızın üzvü Bakıda Avropa çempionatının yüksək səviyyədə təşkili üçün Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya öz təşəkkürünü bildirmişdir.
Sonra D.Gimatova tədbirdə iştirak edən kütləvi informasiya vasitələrinin nümayəndələri üçün avtoqraf sessiyası təşkil etmişdir.
Tədbirin sonunda Dinarə Gimatovaya “Longines”in “Belle Arti” kolleksiyasından saat hədiyyə olunmuşdur.
Qeyd edək ki, dörd ölçüdə buraxılan “Longines Belle Arti” kolleksiyasındakı modellər məhdud sayda istehsal olunur.