SİYASƏT
Macarıstanda Kamal Abdulla və Mariya Keneşinin kitabı çap olunmuşdur
Budapeşt, 19 mart (AZƏRTAC). Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Kamal Abdulla və Mariya Keneşinin “Gəlin Azərbaycan dilində danışaq. Ölkə və onun dili” kitabı Budapeştdə çap olunmuşdur.
Azərbaycan dilini universitet səviyyəsində və müstəqil şəkildə öyrənənlərə kömək məqsədi ilə hazırlanmış kitaba, eyni zamanda, ölkəmizin qədim və müasir tarixi, iqtisadiyyatı, mədəniyyəti, dövlətçilik institutları, Azərbaycan-Macarıstan əlaqələri haqqında məlumatlar da əlavə edilmişdir.
Kitabın birinci müəllifini - tanınmış Azərbaycan alimi, Azərbaycan MEA-nın müxbir üzvi, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullanı təqdim etməyə ehtiyac yoxdur. İkinci müəllif - Mariya Keneşi Macarıstanın tanınmış türkoloqlarındandır. Azərbaycan dili və ədəbiyyatı sahəsində mütəxəssisdir. 1969-cu ildə Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib, Budapeşt Universitetinin türkologiya kafedrasında çalışır. Hazırda səfirliyin yardımı ilə onun müəllifi olduğu başqa bir praktiki əsər - “Macarca-Azərbaycanca danışıq kitabçası” da çap edilməkdədir. Son illər Macarıstanda ölkəmizə, dilimizə və mədəniyyətimizə marağın əhəmiyyətli dərəcədə artması bu cur əsərlərin çapını zərurətə çevirmişdir. “Gəlin Azərbaycan dilində danışaq” kitabının elmi redaktoru dünya miqyasında tanınan macar türkoloqu, Macarıstan EA-nın həqiqi üzvü professor Georq Xazaidir. Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev kitaba “Azərbaycan dilini öyrənməyə dəyər!” başlıqlı müqəddimə yazmışdır. Yeni nəşrin ölkənin türkologiya mərkəzlərində yayılması nəzərdə tutulmuşdur.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
######