Azərbaycan ABŞ ilə əməkdaşlıqla regionda sülhün dayanıqlı olmasına çalışır - AÇIQLAMA
Bakı, 11 fevral, AZƏRTAC
ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri və səfər çərçivəsində keçirilən görüşlər və imzalanan sənədlər qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişaf edəcəyindən xəbər verir. Bu səfər Azərbaycanın və Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında əhəmiyyətli rol oynayacaq ki, bu da ABŞ-ın dəstəklədiyi Zəngəzur dəhlizi ilə əlaqədardır.
Bu fikri AZƏRTAC-a açıqlaması zamanı iqtisad üzrə fəlsəfə doktoru, dosent Mehriban İmanova deyib.
O bildirib ki, Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın birinci bölümündə qeyd olunub ki, rəsmi Bakı ilə Vaşinqton 8 avqust 2025-ci il tarixli Vaşinqton Sülh Zirvə Görüşünün Bəyannaməsinə uyğun olaraq iştirakçı ölkələrə beynəlxalq və ölkədaxili bağlantı üçün qarşılıqlı faydaları təmin etməklə, Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək və regionun beynəlxalq ticarət və tranzit potensialını reallaşdıracaq multimodal bağlantı layihəsi kimi Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) əhəmiyyətini qəbul edirlər. Bu razılaşma Zəngəzur dəhlizinin perspektivdə həm yerli, həm də beynəlxalq mahiyyətindən xəbər verir.
“Azərbaycanın geosiyasi mövqeyinin yaratdığı tranzit potensialın geniş istifadə edilməsində Zəngəzur dəhlizinin çox böyük əhəmiyyəti var və bu nəqliyyat sistemi təkcə Azərbaycanla Naxçıvanı, Azərbaycanla Türkiyəni deyil, həmçinin Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat sistemi olacaq. Torpaqlarımızın işğaldan azad edilməsi nəticəsində yaranan yeni reallığa uyğun olaraq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngəzur dəhlizi regionun tranzit-logistika potensialını artıracaq və beləliklə, Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq. Xartiyaya nadir yer minerallarının dünya bazarına çıxarılması üçün tərəflərin tranzit sahəsində və Orta Dəhlizin inkişafı istiqamətində əməkdaşlıq etmək niyyətlərinin vurğulanması Naxçıvan üçün xüsusilə əhəmiyyətlidir. Zəngəzur dəhlizi Şərqdən Qərbə hər bir dövlətin istifadə edəcəyi ortaq dəhliz olacaq. Dəhliz Azərbaycanı nəqliyyat və logistika mərkəzinə çevirir. Belə ki, Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti və siyasi çəkisi artır. Beynəlxalq arenada Azərbaycan etibarlı partnyor kimi hamının biznes qurmaq üçün müraciət edəcəyi etibarlı bir ölkəyə çevrilir. Həm kommunikasiyaların bərpa edilməsi, həm də Zəngəzur dəhlizinin istifadəyə verilməsi Türkiyə ilə Naxçıvan arasında dəmir yolu xəttinin çəkilməsi və bütövlükdə regionda dəmir yolu xətlərinin bərpa edilməsi, bir tərəfdən 1,1 trilyon dollarlıq nominal ümumi daxili məhsulu olan türkdilli ölkələrin nəqliyyat əlaqəsini yaradacaq. Digər tərəfdən isə Avropa İttifaqı, Afrikanın şimalı, Ərəbistan yarımadası və eləcə də regionda olan Orta Asiya, digər ölkələr üçün də ən əlverişli yükdaşıma, nəqliyyat və kommunikasiya sisteminə çevriləcək”, - deyə Mehriban İmanova vurğulayıb.
İqtisad üzrə fəlsəfə doktorunun sözlərinə görə, ABŞ Vitse-prezidentinin səfəri heç də təsadüfi xarakter daşımır: “Azərbaycan son illər həyata keçirdiyi beynəlxalq mahiyyət daşıyan iqtisadi layihələri dünya ictimaiyyətinin diqqətini cəlb edir. Rəsmi Bakı regionda sülhün yaranmasına nail olub və ABŞ ilə əməkdaşlıqla bu sülhün dayanıqlı olmasına çalışır ki, bunu da rəsmi Vaşinqton yüksək qiymətləndirir”.