SİYASƏT
Misirli tədqiqatçı azərbaycanlı jurnalistlərin şəhid olması ilə bağlı fikirlərini bölüşüb
Qahirə, 12 iyun, AZƏRTAC
Misirin tanınmış ziyalısı, Asiya ölkələri üzrə tədqiqatçı və jurnalist Əhməd Əbdo Tərabik Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Dövlət Televiziyasının (AzTV) operatoru Sirac Abışovun işğaldan azad edilmiş Kəlbəcər rayonunda Ermənistan silahlı qüvvələrinin basdırdığı minaya düşərək həlak olması ilə bağlı fikirlərini AZƏRTAC-la bölüşüb.
Əhməd Əbdo Tərabik bildirib ki, azərbaycanlı jurnalistlərin həlak olması bütün dünya mətbuatı üçün faciədir. “Bu hadisə Misir mətbuatında böyük əks-səda doğurdu. Digər ərəb ölkələrinin ictimai xadimləri və media nümayəndələri də AZƏRTAC və AzTV-nin əməkdaşlarının həlak olması xəbərini dərin üzüntü ilə qarşıladılar. Onların bir çoxunun, o cümlədən mənim də qənaətim bu hadisənin Ermənistan tərəfindən törədilən növbəti terror aktı olmasıdır. Belə ki, Azərbaycanın etdiyi müraciətlərə rəğmən minalanmış ərazilərin xəritələrini verməkdən imtina edən ermənilərin bu son əməlini ayrı cür qiymətləndirmək mümkün deyil”, - deyə tədqiqatçı vurğulayıb.
Misirli tədqiqatçı əlavə edib ki, gözlənildiyinin əksinə olaraq, müharibədə ordusu darmadağın edilmiş və hazırda ağır sosial-iqtisadi və siyasi proseslərin cərəyan etdiyi Ermənistanda hökumət və siyasətçilər sülh və əmin-amanlıq istiqamətində deyil, bütün Qafqaz regionu üçün təhdid olan destruktiv yöndə fəaliyyət göstərirlər. O əlavə edib: “Ermənilər müharibədən öncə beynəlxalq təşkilatların tələblərinə məhəl qoymur, işğal etdikləri Azərbaycan ərazilərini boşaltmaqdan imtina edirdilər. İldən-ilə güclənən Azərbaycan dövlətinin qarşısında duruş gətirə bilməyəcəyini dərk etməyən Ermənistan hökuməti özünün yanlış düşüncəsi ilə yeni müharibənin başlamasına səbəb oldu. Bu müharibədə ağır məğlubiyyətə düçar olduqdan sonra da ağlını başına almayan erməni siyasətçiləri öz xalqının növbəti fəlakətini hazırlayırlar. Digər tərəfdən, Ermənistanın qeyri-konstruktiv mövqeyi atəşkəs dövründə də azərbaycanlı mülki şəxslərin, peşə fəaliyyətini icra edən jurnalistlərin həlak olmasına səbəb olur. Düşünürəm ki, qonşuları ilə dinc yanaşı yaşamaq istəməyən, siyasətçiləri kin və nifrət ritorikasından əl çəkməyən Ermənistanı gələcəkdə böyük fəlakətlər gözləyir.
Misir-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü kimi, şəhid olmuş azərbaycanlı jurnalistlərin ailələlərinə və çalışdıqları kollektivlərə dərin hüznlə başsağlığı verirəm.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə