REGİONLAR


Naxçıvanda nümunəvi sərnişindaşıma xidməti göstərən sürücülər mükafatlandırılıb

Naxçıvan, 22 fevral, AZƏRTAC

Ötən il muxtar respublika üzrə nümunəvi sərnişindaşıma xidməti göstərən sürücülərə Naxçıvan Avtobus Parkında qiymətli hədiyyələr təqdim edilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin rəisi Əli Hüseynəliyev əldə olunan dinamik inkişafın digər sahələr kimi, nəqliyyat sahəsinə də öz müsbət təsirini göstərdiyini, bu istiqamətdə həyata keçirilən tədbirlərin insanların rahatlığının təmin edilməsinə əlverişli zəmin yaratdığını bildirib. Qeyd edib ki, ötən müddətdə Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsinin maddi-texniki bazası möhkəmləndirilib, yeni gətirilmiş avtobusların hesabına sərnişindaşıma xidmətinin keyfiyyəti daha da yüksəldilib. Hazırda muxtar respublika üzrə 313 avtobus, 496 taksi olmaqla, ümumilikdə, 800-dən çox avtonəqliyyat vasitəsilə sərnişinlərə nümunəvi xidmət göstərilir.

Beynəlxalq sərnişindaşıma xidmətinin də diqqət mərkəzində saxlanıldığını qeyd edən Əli Hüseynəliyev İran İslam və Türkiyə respublikalarının şirkətləri ilə bağlanmış müqavilələrin, həmçinin Naxçıvan-Bakı-Naxçıvan marşrutunun əhəmiyyətindən bəhs edib. Vurğulanıb ki, muxtar respublika sakinlərinin paytaxt Bakı şəhəri ilə əlaqəsinin daha da genişləndirilməsi və vaxt itkisinin azaldılması məqsədilə Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə axşam reysləri də təşkil edilir. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 22 oktyabr tarixli Fərmanına əsasən, ötən il noyabrın 1-dən etibarən avtomobil nəqliyyatı ilə sərnişin daşınmasını həyata keçirən sürücülərə lisenziyaların verilməsinə başlanılıb. Ötən müddətdə 600-dən çox sahibkar lisenziya ilə təmin olunub.

Diqqətə çatdırılıb ki, Dövlət Nəqliyyat Xidməti tərəfindən mütəmadi olaraq nümunəvi xidmət göstərən, eləcə də ucqar dağ və sərhəd kəndlərinə işləyən sürücülərin fəaliyyətləri qiymətləndirilir, onlara lazımi kömək göstərilir.

Sonra 2018-ci ildə əhaliyə nümunəvi sərnişindaşıma xidməti göstərən sürücülərə qiymətli hədiyyələr təqdim edilib.

Babək rayonu, Gərməçataq kənd marşrutunun sürücüsü Qurban Behbudov yaradılan şəraitə, göstərilən qayğıya görə bütün sürücülər adından minnətdarlıq edib.

Sonda tədbir iştirakçıları Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyini ziyarət edib, buradakı eksponatlarla tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.