REGİONLAR
Qusarın Hil kəndində ölkə əhəmiyyətli memarlıq abidəsi sayılan məscid təmir olunur
Qusar, 16 may, Elxan Yusifli, AZƏRTAC
Qusar rayonunun Hil kəndində ölkə əhəmiyyətli memarlıq abidələri siyahısında olan qədim məscidin təmirinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xarici görünüşünə görə Hindistandakı məşhur Tac Mahalı xatırladan iki mərtəbəli tikili 1912-ci ildə istifadəyə verilib.
Hazırda binanın çöl divarları yenidən suvanır, qapı və pəncərələri yenilənir.
Qusar Rayon İcra Hakimiyyəti başçısının Hil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlqar Saruxanov bildirib ki, təmir işləri zamanı məscidin əvvəlki görünüşü tamamilə qorunub saxlanılacaq.
Hil kəndində hündür yerdə inşa olunan məscidin bünövrəsində çay daşlarından, qalan hissələrində isə yerli tikinti materiallarından istifadə olunub. Tikilinin daxili divarları gözəl ornamentlərlə bəzədilib. Məscidin ikinci mərtəbəsi qadınların ibadət etməsi üçün nəzərdə tutulub.
Qusarın ən böyük kəndlərindən sayılan Hil rayon mərkəzindən 17 kilometr məsafədə yerləşir. Bu kənd 1960-cı illərə qədər rayon mərkəzi olub.